Qardaşxan Fərzi- Miniatürlər

YAZARLAR 11:07 / 05.03.2026 Baxış sayı: 173

 

                                                                                                                         

Cənnətin qoxusu

(Baş leytenant, Vətən müharibəsinin şəhidi Vüsal Kazımovun əziz xatirəsinə)

            Gecədən xeyli keçmişdi. Kənd şirin yuxuda idi. O, evdəkilər oyanmasın deyə astaca qapını açdı. Səsə xanımı səksəkəli halda çarpayıdan qalxdı. Qarşısında mərd, cəsur, bir az da zarafata meyilli olan baş leytenant durmuşdu. Əynindəki hərbi geyim çırağın altında daha işıqlı, parlaq görünürdü.

  • Xoş gəldin, - xanımın ürəyi sevincdən titrədi. Baş leytenant hərzamankı  kimi gülümsədi.
  • Niyə yatmamısan? – soruşdu.
  • Sən gedəndən...

Xanım ardını gətirə bilmədi. Səsi qırıldı. Gözlərindən axan iki damla yaş yanaqlarında qurudu. Nəfəsi daraldı, havası çatmırdı. Həyacandan əsən əllərini gizlətməyə çalışdı.

Baş leytenant uşaqların yataq otağına boylandı. Dözmədi, barmaqlarının ucu ilə içəri keçdi. İki qız balası mışıl-mışıl yatırdı. Yavaşca dodaqlarını onların alnına qoyub öpdü və...

Xanım örtülmüş  qapının səsinə oyandı. Əvvəlcə  heç nə anlamadı. Sonra ani olaraq otağa göz gəzdirdi. Bu an az qala ürəyi qopub ağzına gələcəkdi. Qapıya yaxınlaşdı. Bir göz qırpımında titrək barmaqlarını nəyisə itirəcəyindən qorxurmuş  kimi dəstəyin üzərində gəzdirdi. Qapının dəstəyi hələ də isti idi. Baş leytenant getmişdi.

Xanımla otaqda baş-başa  cənnətin qoxusu qalmışdı...

 

Pozulmuş nizam

İnanırdım. İnanırdım ədalətin itmədiyinə. Geniş, yaraşıqlı kabinetdə haqsızlığa dönə-dönə üsyan etdim. Üsyan etdim haqsızlığa. Çünki inanırdım ədalətə. Dediklərim səbirlə, təmkinlə dinlənilirdi. Nə yaxşı, dediyim hər söz baş hərəkəti ilə təsdiqlənirdi. Amma  və lakin... Sonda dediklərimin heç biri qəbul  olunmadı.

Kabinetdən əsəbi çıxdım. Qaranlıq düşmüşdü. Küçələrdə adamlar seyrək görünürdü. Sahibsiz itlər ara vermədən hey hürürdülər. Kimə, bilinmirdi. Birdən ayaq saxladım. Qeyri-ixtiyari başımı qaldırıb səmaya boylandım. Sayrışan ulduzların arasında mizanı pozulmuş bir tərəzi gördüm, lap yerdəki mizanı pozuulmuş tərəzilər kimi.

Baş

Keçmiş sinif yoldaşımla “Al Market”in qarşısında rastlaşdım. Əvvəlcə hal-əhvalını, sonra isə yeni təyin olunmuş rəisini soruşdum. Sifəti birdən-birə pörtdü. Əlini təzə qırxılmış üzünə aparıb dedi:

  • Pis, çox pis! Oyuna düşmüşük, vallah.
  • Nə olub? – təəccüblə soruşdum.
  • Olan olub, bundan artıq nə olacaq ki? – suala sualla cavab verdi.

Hövsələdən çıxdım, yenidən soruşdum:

  • Axı nə baş verib?

Bu yerdə sinif yoldaşım dərindən ah çəkdi. Gözlərini gözlərimə dikib yenə suala sualla  cavab verdi:

  • Bir ayaqlı rəis ola bilərmi?
  • Əlbəttə, olar.
  • Bir qollu necə?
  • O da olar.

Ölənlərinə rəhmət! Mən də həmişə belə düşünmüşəm. Axı hamımız insanıq, həyatda hər şey ola bilər. Amma...

  • Nə amma? – səbirsizlik edib sözünü yarımçıq qoydum. – Bəs səni narahat edən  nədir?

Sinif yoldaşım bir anlıq susdu. Sonra gicgahını qaşıya-qaşıya cavab verdi:

  • Baş, əzizim baş! Kişinin hər şeyi var, amma çiyinlərinin  üzərində gəzdirdiyi başı yoxdur.

 

 

Çəpər

            Mahmud kişi həyətin ortasındakı iri tut ağacının kölgəsində yerini təzə rahatlamışdı ki, nəvəsi Fərruxla  qonşuluqda yaşayan Elçin ona yaxınlaşdılar.

  • Salam, babacan.
  • Ay salam sizi  saxlasın, - deyə Mahmud kişi uşaqları sinəsinə sıxdı.
  •       Baba, nə olar e, bizim üçün ev tik də. – Fərrux babasının qolunu şıltaqlıqla dartdı.

Mahmud kişi gülümsədi:

  • İkinizə bir ev tikim, yoxsa?..
  • Hərəmiz üçün ayrı-ayrı, - deyə Fərrux babasının sözünü  yarımçıq qoydu.

Mahmud kişi bir azdan iki yaraşıqlı evciyi uşaqların istifadəsinə verdi. O, “ev”ləri çəpərə də salmağı unutmamışdı. Bu vaxt nəvəsi Aynurənin səsi eşidildi:

  • Baba, ay baba.
  • Eşidirəm, qızım.
  • Telefona çağırırlar.

Mahmud  kişi  telefon danışığından  qayıdanda gözlərinə inanmadı. Çəpər sökülmüşdü. İki “qonşu” əl-ələ verib, çəpərin yerinə gül çubuqları sancırdılar...

 

                       

                          Lənkəran