Əlizadə Nuri - Kəsilmiş başın söhbəti

Ədəbiyyat 08:52 / 27.06.2026 Baxış sayı: 151

 

Bir sükuta uduzur,

Milyon adamın səsi.

Hara çıxıb getdi ki

O qaraçı nəğməsi?

 

İndi necə gizləyim,

Mən bu boyda hüzünü?

Quşlar qanadlarıyla

Saxlayıb göy üzünü...

 

Sudu çağıran bizi?-

Səs gəlir o quyudan.

Daş da intihar edir

Atılaraq qayadan.

 

Başımı kəsmisən ki,

Baş əyməyim şahlara?

Bir ovuc ümid verin

Paylayım uşaqlara...

 

...Üşüyürəm, ilahi-

Bu yer üzü əynimə

Köynək toxuya bilmir.

..."Qara kağız"ım gəlib-

Nə yaxşı bu kağızı

Körpəm oxuya bilmir...