Biz nə vaxt rahat olacağıq.?..

YAZARLAR 11:02 / 23.07.2026 Baxış sayı: 441

OFİSDƏN..

 

Dünyaya göz açdığımız andan əslində dünyanın yox,narahatlığın ağuşuna düşürük. Anamız belə bizə layla çalanda bizi narahatlığa sövq elətdirir,balam nə vaxt dil anlar deyib məzəmmət eləyir. Ana laylasının arxasında belə bir sabahımızın nigarançılığı yatır. Doğularkən Allahsızcasına vay-şivən qoparıb ağlamağımız dünyanın ağır yükünə ilk etirazımızdı..Bir cədvəl tərtib eləsək təxminən halımızı bu cürə sərgiləmiş olarıq:

Uşaq olanda ayağa qalxmaq istəyirik, ancaq yıxılmaqdan qorxuruq.

Böyüyəndə ayaqda qalmaq istəyirik, başqalarının yıxacaqlarından qorxuruq.

Bir tikə çörək tapanda o çörəyin sabahı üçün narahatıq. Ev tikəndə gəlib uçuracaqlarından- bu məsələni xırdalamıram,yəqin ki,hamınıza məlumdur. Ağac əkəndə meyvəsinin olub-olmayacağından narahatıq. Övlad böyüdəndə oxumağından,sağlamlığından,gedib "Sonanın uşaqlarına" qoşulmağından. Bir sözlə və iki sözlə həmişə narahatıq... Sevəndə itirəcəyimizdən, sevilməyəndə tənhalığımızdan qorxuruq. Qovuşanda ayrılıq başımızın üstünü kəsdirir. Ayrılanda xatirələrin əsirinə çevrilirik. Məxləs,günümüz gün deyil..

Bahar gələndə payızı düşünürük,payız gələndə qışı-qazı,zəhirmara qalmış limiti!. Qış keçəndə ömrümüzdən gedən ili. Saat yalnız zamanı göstərmir, ömrümüzü də damla-damla azaldır. Narahatçılıq bitmir ki,bitmir.. Varlananda itirməkdən, yoxsul olanda varlana bilməməkdən, məşhur olanda unudulmaqdan boz günlər yaşayanda heç tanınmamaqdan qorxuruq.

Bir sözlə narahatlıq bizdən əl çəkmir ki,əl çəkmir,tuği-lənət olub çöküb boğazımıza..

Zarafata bir müdrik kəlamı da bu mövzunun içində işlətsəm fikrim tam olar:

-Bizdə daimi olan şey müvəqqəti çətinlikdir..

Narahatlıq bu dünyanın qaçılmaz qanunudur

Heç kim tam rahat deyil. Padşah yetim belə,bilirki mindiyi taxt çevrilib bir gün hökmən onu minəcək!

O da hər gün ürəyini yeyir və öz taleyindən qorxur.

Övladlar bir gün valideynsiz qalmaqdan, valideynlər isə bir gün övladsız qalmaqdan qorxurlar.

İnsan həmişə narahatdır... Müharibə başlayanda sülhü arzulayır, sülh olanda da onu itirməkdən qorxur. Şair sözünün ölməsindən qorxur. Rəssam rənglərinin solmasından. Musiqiçi sükutdan. Alim cahilliyin qələbəsindən. Çünki insan yaratdığı qədər yaşayır.

Və bir gün gəlir saçlara dən düşür,əllər əsir, ayaqlar bir-birinə dolaşır,addımlar yavaşıyır, gözlər uzağı seçmir,hər şey qocalır, amma narahatlıq qocalmır.

Bir axşam günəş yavaş-yavaş üfüqdə sozalır. Bir ömür bir axşama sığışır. İnsan anlayır ki, bütün narahatlıqlarının kökündə yaşamaq sevgisi durur,ölümü düşünür də əslində həyatı daha çox sevdiyi üçün narahat olur. Və son həqiqət, insan narahat doğulur, narahat yaşayır..

Davamı olacaq..