Əlizadə Nuri - Bir ölüm var, üzür hələ ömürdə
Hansı gülün canındasan, bilmirəm,
Bəlkə mənim yanımdasan?- bilmirəm.
Uzaqdasan, yaxındasan bilmirəm-
Uzaqları yaxınlara qov gətir.
Alan yoxdu- sözü baha qoymuşam,
Bir işimi yüz sabaha qoymuşam...
Ürəyimi nişangaha qoymuşam-
Sən də bu gün evinizə ov gətir.
Qadan alım, daha keçib səbirdən,
Belə yumşaq yapışma sən dəmirdən.
Bir ölüm var, üzür hələ ömürdə-
Bu ölümü tutmağa tilov gətir..