Tapdıq Əlibəyli - VAQİFİN MƏQBƏRƏSİNDƏ

Ədəbiyyat 13:17 / 23.07.2026 Baxış sayı: 361

Vaqif Poeziya Günlərində, şairin məqbərəsi önündə misra-misra yarpaqlanan duyğu-düşuncələrim...

 

Ruhumda şeir havası,

Könlümdə Şuşa həvəsi,

Bəmdədi Bülbülün səsi

Vaqifin məqbərəsində.

 

Şəhidin zəfər şöləsi,

Şahanə söz şəlaləsi,

Dilimdə sözün səlisi

Vaqifin məqbərəsində.

 

Şuşanın şirin şivəsi,

Sözümün şəhdi-şirəsi,

“Qarabağ-Xan şikəstəsi”...

Vaqifin məqbərəsində.

 

Dilimdə Vaqif ahəngi,

İstədim tər söz çələngi,

Şuşatək çaları, rəngi

Vaqifin məqbərəsində.

 

Dünyada xarıbülbültək

Olarmı bir rəmz gül-çiçək?..

Şairə salam söyləyək

Vaqifin məqbərəsində.