Ay Bəniz Əliyar -  Hərdən düşünürəm ki

 

Ədəbiyyat 10:25 / 23.07.2026 Baxış sayı: 354

Hərdən düşünürəm ki,

görüm, düşünə bilirəmmi...

Hərdən ağlayıram ki,

görüm, ağlaya bilirəmmi...

Hərdən də gülmək istəyirəm...

Gülə bilmirəm.

Bir yaxşı ürək həkimi tapmışam...

Daha ürəyim sıxılmır,

daha boğazım qurumur,

daha nəfəsim tıncıxmır...

Telefonunu verə bilərəm...

Dünən kitab oxuyanlar

kitabxanaların bağlanmağına

haqq qazandırdı,

Sabah da kitab yazanlar

kitablarını küçədə satmaqla

məşğul olacaq.

Mən də müvəqqəti

gözümü yummuşam,

Təzə bitirdiyim romanın adı:

"Ya xan ölə, ya eşşək"

Mənim indi

heç özümə də yazığım gəlmir,

Mənim indi sizə

niyə yazığım gəlsin?