Ayaz  Arabaçı - İlqar Türkoğlu haqqında bir neçə söz..

YAZARLAR 09:19 / 14.11.2026 Baxış sayı: 806

 

Zarafat edirəm onu heç bir neçə sözə sığışdırmaqmı olar..

O Turan ideyasının söz və əməl daşıyıcısıdır. Adam şəxsi maraqlarının sərhədlərini çoxdan aşıb, böyük bir xalqın, bir millətin mənəvi dəyərlərinə xidmət edir..İlqarın yolu məsuliyyət, fədakarlıq, inam və böyük ideallara bağlılıq yoludur.

Onu yalnız şair kimi təqdim etsəm gördüyü işlərin mahiyyətini tam ifadə etməz. Çünki İlqar Türkoğlunun fəaliyyəti poeziyanın sərhədlərini çoxdan aşaraq türk dünyasının mədəni, ədəbi və mənəvi əlaqələrinin genişlənməsinə xidmət edən bir missiyaya çevrilib. O, qələmini yalnız şeir yazmaq üçün deyil, xalqları bir-birinə yaxınlaşdırmaq, ortaq kökləri xatırlatmaq, eyni tarixin, eyni dil ailəsinin, eyni mənəvi yaddaşın insanlarını bir araya gətirmək üçün işə salır.

Onun düşüncələrinin mərkəzində Turan ideyası dayanır. Bu ideya onun üçün sadəcə gözəl səslənən bir şüar, yaxud bayram tədbirlərində səsləndirilən pafoslu ifadə deyil. Turan düşüncəsi ortaq tarixi yaddaşa, dilə, ədəbiyyata, mədəniyyətə və qardaşlıq bağlarına söykənən böyük mənəvi birliyin ifadəsidir. İlqar Türkoğlu bu düşüncənin carçılarından biri kimi türk dünyasının müxtəlif məkanlarında öz fəaliyyətini davam etdirir.

Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və digər türk məkanları onun fəaliyyət meydanına çevrilib. O, harada olursa-olsun, Azərbaycanı təmsil etməyin məsuliyyətini daşıyır. Türkün bayrağını ucaltmaq onun üçün yalnız fiziki mənada bayraq qaldırmaq deyil. Bu, Azərbaycan ədəbiyyatını tanıtmaq, şairlərini təqdim etmək, milli-mənəvi dəyərlərimizi yaşatmaq, türk xalqları arasında ədəbi körpülər qurmaq deməkdi.

Bir özbək şairinin misrasında qazaxların duyğuları, bir qırğız ozanının sözündə azərbaycanlıların taleyi yaşayır. Türk dünyasının mənəvi yaxınlığı da məhz bu ortaq duyğulardan başlayır.

İlqarın düzənlədiyi festivalların əhəmiyyəti yalnız səhnəyə çıxmaq, şeir oxumaq, xatirə şəkilləri çəkdirmək və diplomlar təqdim etməklə bitmir. Əsas məsələ tədbirdən sonra qurulan əlaqələrin davam etməsi, şairlərin bir-birinin yaradıcılığına maraq göstərməsi, kitabların ölkədən ölkəyə yol tapması, yeni ədəbi əməkdaşlıqların yaranmasıdır. Əgər bir festival iki şairi dostlaşdırırsa, iki xalqın ədəbiyyatını bir-birinə yaxınlaşdırırsa, deməli, o tədbir öz missiyasını yerinə yetirib.

İlqar Türkoğlunun fəaliyyətində diqqət çəkən cəhətlərdən biri də coğrafi sərhədləri mənəvi sərhəd hesab etməməsidir. O, türk dünyasını xəritədə ayrı-ayrı dövlətlərin sərhədləri ilə deyil, ortaq tarix və mədəniyyətin yaratdığı böyük bir mənəvi məkan kimi görür. Bu məkanın hər guşəsində Azərbaycan adının eşidilməsi, Azərbaycan şairinin tanınması, Azərbaycan sözünün öz layiqli yerini tutması isə onun fəaliyyətinin əsas istiqamətlərindəndir.

Burada bir həqiqəti də unutmaq olmaz, Azərbaycan türk dünyasının ayrılmaz parçasıdır. Bizim dilimiz, ədəbiyyatımız, musiqimiz, dastanlarımız, sazımız və muğamımız ortaq türk mədəniyyətinin zəngin xəzinəsinə daxil olan qiymətli sərvətlərdir. Bu sərvətləri dünyaya tanıtmaq hər bir ziyalının, hər bir qələm adamının mənəvi borcudur

Böyük ideyalar böyük zəhmət tələb edir. İlqar Türkoğlunun fəaliyyəti də məhz bu zəhmətin, hərəkətdə olan bir düşüncənin nümunəsidir..

Bu gün türk dünyasının daha sıx əməkdaşlığa, mədəni yaxınlaşmaya, ortaq ədəbi platformalara ehtiyacı var. Dövlətlərarası münasibətlər nə qədər vacibdirsə, xalqların bir-birini tanıması da bir o qədər əhəmiyyətlidir.

İlqar Türkoğlunun fəaliyyəti bu baxımdan təqdirəlayiqdir. O türk dünyasının ayrı-ayrı guşələrində yaşayan yaradıcı insanları bir araya gətirməklə ortaq mədəniyyətimizin yaşamasına xidmət edir..

Mən Türkoğluna uğurlar arzu edir və onu köksümə sıxıram..