Ay  Bəniz  Əliyar - Biz indi Tanrının günahsızları

Ədəbiyyat 17:55 / 13.11.2026 Baxış sayı: 699

Biz indi Tanrının günahsızları,

Daha sevməməyə əhd eləmişik.

Demə, sevgi imiş ən böyük günah,

Hansı qaranlığı yarsa bir işıq,

Həmin o işığı qapamaq üçün,

Min cəhdlə, min səylə çalışacağıq,

O qədər, o qədər sevməyəcəyik,

Günah qalmayacaq bir zərrə bizdə.

Hətta tanrılar da öz sevgisiylə

Günah çıxaracaq gözlərimizdən.

Qapım döyüləcək indi hardasa,

Bir ilham pərisi gələcək bəri.

"Tövbə et, tövbə et!", deyəcək mənə.

Bir şeir yazacam tövbə əvəzi.

Ona ağrılardan don geydirəcəm,

Keçəcəm göylərin qılıncı altdan.

Ya təbli, ya təbsiz, hər gəlib-gedən,

Sürtə üz-gözünü qapıma gərək.

Dönüb hər sevgidən, dönüb hər əhddən,

Yenə öz Tanrıma tapınam gərək.

(Bu "ömür" adında bir ağır yükdür,

"Günahdır" yazılır əməllərinə.

Səni yaradanı sevmək gərəkdir,

Tanrını sevəcəm sənin yerinə.)