Məzahir ƏHMƏDOĞLU QIZILDAN QİYMƏTLİ BÜRÜNC XATİRƏ
...Əlbəttə, o günlərə şahidlik edənlər, yaxud sonralar eşidib-bilənlər yenə həmin hadisəni xatırlayacaqlar. Yazanlar da olacaq. 60 ilin tamamına nə qalıb ki? O illərin, o günlərin qeyri-adi nostaljisi məni bir az tələsdirdi. İndidən, 10-15 gün qabaqcadan yazmağım da bu səbəbdəndir.
1966-cı il. Onuncu sinifdəyəm. Bütün işlərimlə, dərslərimlə, arzularımla bərabər İngiltərədə keçirilən futbol üzrə dünya çempionatına hazırlaşmışam. Artıq 4-5 ildir ki, təhsillə bərabər həm futbol oynayır, həm də əsasən "Neftçi" komandamız olmaqla bu cazibədar oyunu sonsuz həvəs və zövqlə izləyirəm. Futbolu yaradanlar nəhayət ki, öz ölkələrində keçirilən birinciliyi qazana bildilər. Ancaq Tofiq Bəhramovun özünəməxsus "VAR fenomeni” sayəsində ...
O vaxtlar SSRİ-də futbol mövsümü fevralın sonu, martın əvvəlində başlayıb noyabr ayının axır günlərində başa çatırdı. "Neftçi" o vaxt "Neftyannik" adlanırdı. Yəni təkcə rus dilində deyil, azərbaycan türkcəmizdə də eləcə. Komanda ildən-ilə güclənirdi. 1965-66-cı illərdə Şeyxov və Kramarenko kimi qapıçıları, Yaşar Babayev, Adil Babayev, Tofiq Axundov, Trofimov, Boqdanov, Semiqlazov, Valeri Hacıyev kimi müdafiəçi və yarımmüdafiəçiləri, Adamas Qolodets, Zabrodin, eyni zamanda Tuayev-Markarov-Banişevski üçlüyündən ibarət hücumçuları olan "Neftçi" "asansör" kompleksindən xilas olub yüksək yerlər uğrunda mübarizə aparırdı. Belə bir vəziyyət deyəsən Moskvada çoxlarının xoşuna gəlmirdi. Baxmayaraq, Banişevski və Markarovu birinci yığmaya, Tuayevi Olimpiya yığmasına və s. daxil edirdilər. Markarov və Banişevski "Neftçi"də tandem olaraq çox gözəl və faydalı oyun sərgiləyirdilər. Ancaq yığmanın məşqçiləri heç vaxt onların ikisini eyni zamanda meydana buraxmırdılar. Hələ Banişevski tam parlamamışdan qabaq Markarov Minskin "Dinamo" komandasının hücumçusu, adaşı Eduard Malofeyevlə şərikli bombardir olmuşdu. Erməni olsa da, bakılıdır deyə onu 1966-cı ilə qədər yığmaya yaxın buraxmadılar. Yadımdadır ki, daha doğrusu "Sovetskiy sport" qəzetində o illərin tanınmış futbol mütəxəssislərindən biri olan Sevidov isə texnikalı oyun dəsti-xətti ilə fərqlənən "Neftçi" dən danışarkən deyirdi: "Mən təkcə Eduard Markarovu Oleq Bazileviç və Valeri Lobanovski ilə birlikdə ikisindən üstün tuturam". İngiltərədəki dünya birinciliyinə də "Neftçi" dən ən azı 4 oyunçu götürülməli idi. Yollar bağlandı və qərəzçilik hələ uzun müddət davam etdi. Yadıma düşmüşkən bir faktı da qeyd edim ki, hələ o dahi məşqçi Əhməd Ələsgərov olmasaydı "Neftçi" ni elə "beşiyindəcə boğardılar". "Neftçi" həmin o güclü vaxtlarında ölkənin ən arxalı komandası olan "MOİK"-i Bakıda 4:0 hesabı ilə məğlubiyyətə uğratmışdı. Markarov və Banişevski SSRİ yığmasının müdafiəsinin əsasını təşkil edən Şesterniyov, İstomin və Kapliçnı mifini darmadağın etmişdi. Moskva bunun heyfini "Neftçi" də qoymadı. SSRİ kubokunun yarımfinalında Pribaltikadan Kestitus Anzulius soyadlı bir farsın (fars sözünün mənasını oxucularla hər mənada bölüşürəm) futboldan, insanlıqdan, kişilikdən, ümumiyyətlə müsbət anlaşılan bütün xüsusiyyətlərdən uzaq namərdliyi sayəsində "Neftçi" uduzduruldu. Bu, SSRİ futbol tarixində ən ləkəli səhifələrdən biri idi.
Bəzi çatışmazlıqlar, pərdə arxası maneələr olmasaydı, "Neftçi" 1965-66-67-ci illərdə çempionluğa da oynaya bilərdi. Təəssüf ki, komandada müəyyən qədər inamsızlıq da vardı. Ancaq 1966-cı ildəki oyun tərzi tamam başqaydı. Gənc mütəxəssis Əhməd Ələsgərov, Banişevski, Markarov, Kramarenko, Tuayev, Hacıyev kimi indiki bənzətmə ilə adlandırsaq - ulduzlarla birlikdə monolit, həm də yüksək texnikalı bir komanda formalaşdırmışdı. Bakılılar daha paytaxt komandalarından çəkinmirdilər, həmişə medallara oynayan Tiflis "Dinamo" sunu da hərdən məğlub edə bilirdilər, "Zenit"i, "Şaxtyor"u da ...Rəsmi olmayan söhbətlərə görə "Neftçi" nin Kiyevin "Dinamo" komandası ilə dostluq əlaqələri vardı. Bu məsələ bir sıra hallarda hiss olunurdu da. Və beləcə 1966-cı ilin son oyunlarına doğru kiyevlilər çempionluq uğrunda xal fərqini artıraraq onu izləyən komandaları gümüş və bürünc medallara "yönəltdi". Moskvanın "Spartak", Rostovun "OİK", Bakının "Neftçi" komandalarının şansları Tiflisin "Dinamo" , Moskvanın "Torpedo" və "OMİK" komandalarına nisbətən daha inamlı görünürdü. Bu səbəbdən də Moskva komandaları "Spartak" a müəyyən vasitələrlə mümkün köməkliklərini göstərir, ölkə paytaxtının medalsız qalmaması üçün birləşirdilər. İdmanda duyula biləcək belə hadisələr ancaq SSRİ-də mümkün ola bilərdi. Markarov və Banişevski dünya birinciliyindən qayıtdıqdan sonra "Neftçi" də hər dəfə meydana yalnız qələbə üçün çıxırdı. Rostovlular da Fedotovun sayəsində xeyli güclü görünürdülər. Son turlarda gümüş və bürünc medalların taleyi təkcə futbol meydanlarında deyil, sanki həm də şahmat taxtası üzərində həll olunmaqdaydı - müxtəlif üsullarla! Nəticədə rostovluların sona bir tur qalmış ikinci yeri tutacaqları məlum oldu. Sanki bu ilin çempionatının taleyi göylərdən gəlmişdi.İlin əvvəlindən tərtib olunmuş yarış cədvəlinə əsasən "Neftçi" son turu Bakıda məhz "Spartak" la qarşılaşmalı idi. O vaxtlar qələbəyə iki xal verilirdi. Turnir cədvəlindəki vəziyyətə görə "Neftçi" mütləq qələbə qazanmalı idi. Heç-heçə oyun bakılılar üçün məğlubiyyətə bərabər olacaqdı.
Həmin gün, yəni 1966-cı ilin noyabr ayının 30-u V.İ.Lenin adına respublika stadionuna 45000 nəfər futbol azarkeşi "yerləşdirilmişdi". Çünki o vaxt stadionun tribunalarında hər tamaşaçı üçün ayrıca kreslolar yox idi, eləcə sektor boyu uzunlama taxta oturacaqlar... Sevimli komandanı bir çox sektorlarda sıx-sıx əyləşərək, eyni zamanda sektorlar arası pilləkənlərdə cəmləşərək qələbəyə səsləmək qeydi-adi bir atmosfer idi. Bakı və bütün respublika həmin axşam bu oyuna köklənmişdi. "Neftçi" oyun boyu nə "Spartak"a, nə də hakimlərə heç bir şans vermədi. Banişevskinin 2, Markarovunsa 1 qolu böyük hesablı qələbəni təmin edərək həmin gecəni respublika bayramına çevirdi. Düz 60 il bundan əvvəl...
Yeni nəsil bu hadisəyə adi hal kimi də baxa bilər. Ancaq nəzərə almaq lazımdır ki, hələ çar Rusiyası dövründən hər məqamda sıxışdırılan Azərbaycan, sovet dövründə də davam edən bu ayırıcı ənənənin gizlin simptomlarından əziyyət çəkirdi. Belədə Azərbaycanın hər bir uğuru, eyni zamanda idman nailiyyətləri yüksək dəyərləndirilməlidir. O vaxtlar Kirovabad adlanan qədim Gəncənin "Dinamo" komandası "A" qrupuna vəsiqə qazandıqdan sonra, "Neftçi" yə və bütövlükdə Azərbaycan futboluna qarşı ədalətsiz yanaşmalar daha da açıq şəkil aldı. Bütün bunları bir daha yada salıb qızıldan qiymətli bürünc xatirənin sevincini zədələməyək. Bu, Azərbaycan futbolunun sovetlər dönəmində çox böyük bir zəfəri idi.
P.S. Mən yeddinci sinifdə oxuyarkən artıq rayonumuzda da ötürücü televiziya stansiyası qurulmuşdu. Biz "Neftçi" komandasının Bakıda keçirilən və translyasiya olunan bütün oyunlarına baxa bilirdik. 1963-cü ilin avqustunda "Neftçi"nin indi dünya birinciliklərində iştirak edən Yaponiyanın milli olimpiya komandası ilə yoldaşlıq oyunu da televiziya vasitəsilə futbol həvəskarlarına təqdim olunmuşdu.
"Neftçi" - Yaponiya 10-0!