Fariz Süleymanoğlu - ÜRƏYİM

Ədəbiyyat 11:08 / 12.11.2026 Baxış sayı: 2485

 

 

 

 

Biz nələrə sinə gərdik səninlə,

Neçə gözəl kama ərdik səninlə,

Gah gül əkib, tikan dərdik səninlə,

Xar içində saralmısan, bilirəm,

Ruhum, özüm, yorulmusan, bilirəm.

 

Gözümdən süzülən yaşa dözmüsən,

Amansız çovğuna, qışa dözmüsən,

Rast gəlib çox qəlbi daşa dözmüsən,

Əzablardan yarılmısan, bilirəm,

Dadım-duzum, yorulmusan, bilirəm.

 

Vaxt oldu ki, pərdə çəkdin eynimə,

“Oyan” dedi, arxa döndün beynimə,

Eşq yükünü şələlədin çiynimə,

Necə sevib vurulmusan, bilirəm,

Odum, közüm, yorulmusan, bilirəm.

 

Səni yaraladı kədər olanlar,

Dərman umduqların zəhər olanlar,

Qalıb boğazında qəhər olanlar,

Hıçqırıqda boğulmusan, bilirəm,

Lal avazım, yorulmusan, bilirəm.

 

Gərilmişik, əsəb daha tarımdı,

Tamamlayaq, xeyli işlər yarımdı,

Deyilməmiş sözlər hələ varımdı,

Bulud kimi qaralmısan, bilirəm,

Səsim, sözüm, yorulmusan, bilirəm.

 

Çox arzunun arxasınca baxmışıq,

Nəfsimizə möhkəm cilov taxmışıq,

Süzülmüşük, çağlamışıq, axmışıq,

Arınmısan, durulmusan, bilirəm,

Talem, yazım, yorulmusan, bilirəm.

 

Bu sinəmdə qəfəsdəsən, əsirsən,

Ritmin itib, çırpınırsan, əsirsən,

Hərdən sancıb nəfəsimi kəsirsən,

Sıxılmısan, daralmısan, bilirəm,

Bitib dözüm, yorulmusan, bilirəm.

 

Çox oyadıb “yaz” demisən, yazmışıq,

Hisslərini misralara qazmışıq,

Biz qəribik, bu qürbətdə azmışıq,

Doğma yurddan sovrulmusan, bilirəm,

İki gözüm, yorulmusan, bilirəm!