Ayaz  Arabaçı -  Türkiyədəyəm..

YAZARLAR 08:41 / 12.11.2026 Baxış sayı: 549

 

Bir neçə gündür bu doğma torpağın havasını udur, küçələrində gəzir, insanları ilə görüşür, bir-birindən gözəl tədbirlərdə iştirak edirəm. İstanbulda da olmuşam, Bodrumda da, Didimdə də... Hər şəhərin öz gözəlliyi, öz rəngi, öz nəfəsi var. Amma bütün bu fərqliliklərin içərisində dəyişməyən bir həqiqət var, burada özümü yad hiss etmirəm. Mən burada başqa bir ölkəni gəzməkdən daha çox, özümə doğma olan, vətən bildiyim bir diyarın sevgisiylə əhatə olunmağın sevincini yaşayıram..

Son vaxtlar sosial şəbəkələrdə dolaşan, gündəmi zəbt edən, insanları narahatlığa, şübhəyə, qarşıdurmaya sürükləyən müxtəlif xəbərlərə, pozuculuq fəaliyyətlərinə baxanda bəzən düşünürsən ki, görəsən, cəmiyyətin həqiqi mənzərəsi budurmu, insanlar bir-birinə bu qədərmi yadlaşıb.. Qardaşlığımıza kölgə salmaq istəyənlərin səsi doğrudanmı həyatın səsindən güclüdür..

Mənim bu üç gündə gördüklərim tamam başqa bir həqiqətə qapı açır.

İstanbulda da, Bodrumda da, Didimdə də o vahiməli mənzərədən əsər-əlamət yoxdu, əksinə, hər yerdə mehribanlıq, səmimiyyət, isti münasibət, qarşılıqlı hörmət hökm sürür. Burda tədbirlərdə jurnalistlərlə, qəzet müxbirləri və televiziya əməkdaşları ilə görüşür, fikir bölüşür, ədəbiyyatdan, sənətdən, vətəndən, insanlıqdan danışırıq. Tədbirlər başa çatandan sonra da bu ünsiyyət bitmir. Küçələrdə, kafelərdə, sadə zəhmət adamlarının arasında yenə bir yerdəyik.Və heç bir rəsmi protokolun, heç bir tədbir proqramının tələb etmədiyi bir yaxınlıqla!

Mən bir neçə gündə məhz bunu gördüm.

Bir məqamı xüsusi vurğulamaq istəyirəm, sosial şəbəkələrin yaratdığı mənzərə ilə həyatda gördüyümüz mənzərə üst-üstə düşmür. Bəzən kimlərinsə suyu bulandırması, səs-küyü milyonların ürəyinin səsini eşidilməz edir. O tip adamların məqsədli şəkildə böyütdüyü narazılıqlar, şişirdilmiş mübahisələr, süni qarşıdurmalar elə təqdim olunur ki, adam elə bilir, xalqlar arasında əsrlərin sınağından çıxmış münasibətlər bir anda sarsıla bilər. Halbuki xalqın yaddaşı da var, ürəyi də, öz həqiqətini tanımaq qabiliyyəti də.

Mən inanıram ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri heç bir statusla,heç bir qalmaqallı paylaşımın hay-küyü ilə pozmaq olmaz. Bu münasibətlərin kökü tariximizin dərinliklərindədir. Onun mayasında ortaq dil, ortaq mədəniyyət, eyni kökdən gələn duyğular durur.

Biz bu qardaşlığı həyatın özündən öyrənmişik. Çanaqqala yaddaşından, Bakının azadlığı uğrunda çiyin-çiyinə aparılan mübarizədən, çətin günlərdə uzadılan əllərdən, Azərbaycanın haqq səsinin Türkiyədən eşidilməsindən, Türkiyənin sevincinə Azərbaycanın sevinci kimi baxılmasından öyrənmişik.

Bu qardaşlığın ən böyük sərvəti isə onun siyasi şüarlardan daha geniş, rəsmi bəyanatlardan daha dərin olmasıdır. Dövlətlər arasında imzalanan sənədlər münasibətlərin hüquqi əsasını yaradır, amma xalqlar arasındakı sevgini sənədlər bəlirləmir. O sevgi nəsillərin yaddaşında böyüyür, anaların laylasında yaşayır, şairlərin misralarında dilə gəlir, adi insanların gündəlik münasibətlərində özünü göstərir.

Tədbirdə şairlərlə, yazarlarla, jurnalistlərlə söhbət edirəm. Hərənin öz dünyası, öz yaradıcılıq yolu var. Amma mövzu vətənə, torpağa, insan sevgisinə gələndə hamımızın bir dünyamız olur. Mədəniyyətin, sözün, ədəbiyyatın xalqlar arasında körpü yaratmaq gücündən danışırıq. Məncə, bu körpüləri qorumaq hər birimizin borcudur.

Kim nə deyir-desin, mənim Türkiyədə gördüyüm həqiqət budur!

Ona görə də düşünürəm ki, qardaşlığımıza kölgə salmaq istəyənlər əvvəlcə xalqın ürəyinə baxmalıdırlar. Orada nə bir-birinə nifrətə yer var, nə də süni ayrılıqlara. Orada qarşılıqlı hörmət, məhəbbət, sevgi və səmimiyyət var. Əlbəttə, iki qardaş xalq arasında hər hansı fikir ayrılığı, anlaşılmazlıq ola bilər. Bu, həyatın təbii qanunudur. Ancaq fikir ayrılığını düşmənçiliyə çevirmək, kiçik bir anlaşılmazlığı böyük uçuruma döndərmək mümkün olan şey deyil.

Üç gündür Türkiyədəyəm. İstanbulun əzəmətini, Bodrumun gözəlliyini, Didimin sakitliyini görürəm. Amma bütün bunlardan da qiymətli bir mənzərəyə, iki xalqın bir-birinə olan sevgisinə şahidəm!