Kəmaləddin Qədim - ADAMLARDAN YIXILIR BU ŞƏHƏRDƏ AĞACLAR…
Adamından daha çox
sevdim torpağı, daşı.
Mənim ağac bacım var,
mənim ağac qardaşım…
Kökü necə işləyib,
mənimtək torpağa, bax…
Yamyaşıl budağı gör,
ya, solan yarpağa bax…
Şivləri də uçmağa
qanadlarımdı mənim.
Asılıb yelləndiyim
ağac darımdı mənim…
Bu barlı, bəhərlisi,
meyvəsinə bax üstdə…
Bax, bu da mənə çəkib,
ölübdü ayaq üstdə…
Lap elə mənim kimi
düşür dərdə ağaclar.
Adamlardan yıxılır
bu şəhərdə ağaclar…