Firidun Ağazadə - Kim ola Məmmədin qızı?
***
Kim ola Məmmədin qızı? -
biz ondan ötrü ölərik,
dözüb ölmürük hələlik.
siz bilməzsiz, biz bilərik,
kim ola Məmmədin qızı.
Sevmək bizə əlac oldu,
ayrı sənət, peşəmiz yox.
sevgimiz də, davamız da
Məmmədin qızı ilədir,
ayrısıyla işimiz yox.
Qoşa Qala qapısında
Paytaxt siqareti kimi
əcəb çəkirəm dərdimi.
Ondan yenə xəbər yoxdur,
Ya Rəbb, çəkirəm dərdimi.
Kim ola Məmmədin qızı? -
qəmli bir eşqin yavrusu,
meşədə armudun yaxşısı -
ayının qisməti oldu,
Məmmədin qızı, bax, odur.