Əlirza HƏSRƏT - UŞAQLIĞIM
Üşüyən əllərimi ovutmağa kimsə yox,
Ovucunda isidir əlimi uşaqlığım.
Sevib çətir tutduğum xatirə heykəlisən,
Boynuna hardan salım qolumu,uşaqlığım?
Sinəmdə duman tutan dağ da özüdür elə,
Solda,arxada,öndə,sağda özüdür elə.
Bağbanı da özüdür,bağ da özüdür elə,
Gözündə suya qoyub gülümü uşaqlığım.
Ürəklərə baş qoyub sızıldayan ney idim,
İlk sevda ahı oldu nəsihətin,öyüdüm.
Şeir-şeir uçmağa sətir-sətir böyüdüm,
Nə yaxşı ki kəsmədi yolumu uşaqlığım.
İndi yatmır şeirə nə pərvanə,nə də şam,
Bu qərib aşiqlərə mən də bir nəğmə qoşam.
Nə köz qalıb,nə çırpı, ta yanıb qurtarmışam,
Bala-bala oynadır külümü uşaqlığım...