Adil Şirin - Dərmansız dərdlərə tutular könül...

Ədəbiyyat 15:00 / 14.11.2026 Baxış sayı: 677

* * *

Dərmansız dərdlərə tutular könül,

Dost qara bağlayar, fələklər gülər.

Analar ağlayar, oğullar susar,

Oğullar ağlasa analar ölər.

 

Mən naşı deyiləm, naşı deyiləm,

Bu dünya fanidir, ömür girovdur.

Sevgilər, sevdalar şirin röyadır,

Ölüm bir ovçudur, könül bir ovdur.

 

Axşam düşür... bayraq kimi yellənir

Pəncərəmin sarı güllü pərdəsi.

Ürəyimi dəlik-deşik eləyir,

Uçub gedən qərib quşların səsi.

 

Axşam düşür... könüllər havalanır,

Nəğmələr də kövrəlir ayrılıqda.

Fani dünya şairlərin əyninə,

Ah, Allahım, dar gəlir ayrılıqda...