Şuşadakı evini teatra verəcəyini dedi, Firəngiz Mütəllimovadan dəstək gəldi...

MƏDƏNİYYƏT 10:23 / 27.10.2022 Baxış sayı: 2628

“Şuşadan gələndən sonra bizim üçün Bakıda məskunlaşmaq çox çətin oldu. Bir yandan qaçqınçılıq həyatı, bir yandan da teatrı yaşatmaq lazım idi. Şuşa Dövlət Musiqili Dram Teatrını 30 il balaca-balaca yerlərdə məskunlaşdırdım, hamımız əl-ələ verib teatrı yaşatmağa çalışdıq. Teatrın bağlanması üçün çox təkliflər var idi, biz o maneələri dəf etdik. Bəlkə də təvazökarlıqdan uzaq olar, amma bütün bunlar mənim sayəmdə oldu. Bizim teatr o vaxt mədəniyyət evində yerləşirdi, bu gün onun binası darmadağın olub, yerində park salıblar”.

 

Yenises.az  bildirir ki, bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov deyib. O daha sonra Şuşadakı evini teatra hədiyyə etdiyini bildirib.

“Allah etsin ki, Şuşaya köç başlayanda bizi tez göndərsinlər. İstəmirəm hamıdan gec gedim, tez getmək istəyirəm. Ömür də vəfasızdır, o gözləmir axı! Binamız hazır olmasa da bilək ki, qalmağa evimiz var. Mənim evim çox böyükdür. Evimin bir mərtəbəsində qalmağa evi olmayan uşaqlarımız qalar, o biri mərtəbəsini də iş otağı edərik. Böyük mansardımız var, orada məşqlərimizi edib, səyyar tamaşalarımızı nümayiş etdirə bilərik. Onsuz da bu dünyadan heç kim, heç nə aparmır, o ev də tabuta yerləşmir. Mən də öz evimi teatra hədiyyə edirəm. Ola bilər ki, bu gün-sabah olmadım, o evimi bağışlayıram teatra. Bu da məndən teatra töhfə olsun” deyə sənətkar bildirib.

 

Yadigar Muradov bildirib ki, evində hal-hazırda müvəqqəti Şuşada bərpa işləri ilə məşğul olan işçilər qalır.

“O vaxt evimdə və həyətimdə ermənilər hərbi komissarlıq açmışdılar. Onlardan hətta bu günə qədər hərbi sənədlər, hərbi geyimlər qalmışdı. Evimin layihəsini pozub, içərisində balaca-balaca tibbi otaqlar etmişdilər. Bu gün isə evimdə Şuşanın bərpası ilə məşğul olan şirkət işçiləri qalır. Özlərinə yaxşı şərait qurublar. Hal-hazırda orada 35 nəfər işçi yaşayır” deyə sənətkar bildirib.

 

Əslən Şuşalı olan, xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova Yadigar Muradovun bu təklifini müsbət qiymətləndirib və Moderator.az vasitəsilə ona öz təşəkkürünü bildirib.

“Mən Yadigarla birlikdə oxumuşam. Hər zaman da ailəvi dost olmuşuq. Valideynlərim onu çox istəyib. Tez-tez zəngləşib Şuşa haqqında, onun evi haqqında, danışırıq. Onun bu təşəbbüsünü alqışlayıram. Mənə bu sözü bir neçə il əvvəl demişdi. O bunu sidq ürəkdən edir. Allah ona can sağlığı versin. Bu xəbərdən heç də təəccüblənmədim. Çünki Yadigarı yaxından tanıyıram, onun xasiyyətinə bələdəm. O çox mərd, vətənpərvər, Şuşa aşiqidir. Görün onun ürəyi nə qədər genişdir ki, deyib ki, evi olmayan aktyorlar da mənim evimdə yaşaya bilər. Yadigar heç özü 2 il o evdə yaşamadı. Allah onu arzusuna çatdırsın. Gün o gün olsun ki, Şuşada böyük bir teatra binası tikilsin və o da getsin heyəti ilə orada çalışsın. Mənim üçün də o teatrda tamaşa oynamaq böyük qürur hissi olar. Bu sözlərinə görə mən onu öpüb, bağrıma basıram” deyə sənətkar bildirib.

  •