Saqif Qaratorpaq : - Sən deyən sevgilər kül olub çoxdan,

Ədəbiyyat 15:09 / 25.07.2025 Baxış sayı: 1575

Sən deyən sevgilər kül olub çoxdan,

Bircə izi qalıb yanıq yeri tək.

Yuyub göz yaşınla içində basdır,

Hərdən köks ötürüb ağla diri tək.

Hisləri donubdu yaxının,yadın,

Ürəklər sinədə bir buz salxımı...

Ürək qızdırmağa bir adam da yox...

Suya danışıram daha yuxumu.

Məni başa düşər ağac da,daş da;

Bənövşə əyilər köksümə sarı.

A zalım,hər səhər günəş doğmamış

Axı çiçəklərə nə deyir arı?

Bostan uyuğudu-ürəyi bomboş,

Mən belə görmüşəm boz adamları.

Günəşi başının üstündən assan,

Əritməz buzunu buz adamların.

Bilirsən,ömürlər niyə tez bitir?!

Təklikdən içini yeyir adamlar.

Ürəklər sinədə daşa dönəndən

Dərdini dağlara deyir adamlar.