Rüstəm Behrudi : - QAN PULU, YAXUD KİM ASIB AYI GÖYDƏN
Yenə gecə düşür yavaş-yavaş,
və mən,
Hər gecə olduğu kimi
Göy üzünü dinləyirəm
"Acıbadəm"in
Avqusta açlan pəncərəsindən.
Və düşünürəm--
Mənmi tez bitəcəm, gecəmi ,
Gecəmi dəlidi,
yoxsa mən?!
Düşünürəm--
Ulduzları kim səpib göy üzünə,
Günəşi kim söndürüb,
Kim asıb ayı göydən?!
Tanrım!
Məndən sənə qədər,
Hər şey sirdi, sirr.
Söylə ,Tanrım, niyə
Çiçəklər duya bilmir öz ətrini,
Niyə yağışlar
Qopduğu buludu islada bilmir?!
Mən,
Göy üzünü dinləyirəm,
Bir xəstəxananın
pərdəsiz pəncərəsindən.
Görəsən Bakıda
gecənin bu vaxtı
Neçə nəfər oyaqdı?
Oyaqdısa, soruşum,
Şuşada yenə həmən ildimi?
Bir də, bir də soruşum--
Gülbəniz xanımla, Sənəm xala
Şəhid balasından
Onlara çatacaq
Qan pulunu görən ala bildimi?
Göy üzünü dinləyirəm--
Göy üzündən
Gecənin qaranlığına
Yenə bir ulduz axdı...
Anladım artıq--
Göy üzündə kimsə yoxdu!
Yoxdu, yoxdu!
Yoxdu, and olsun qələmə,
And olsun,
sükut içindəki ana.
And olsun,sözün ən dayanıqı,
Kəlmənin ən səssiz halına.
Göy üzünü söy üzünə,
Göy üzündə kimsə yoxdu,
And olsun göy üzünə!
Və nə yaxşı ki,
İçimiz göy üzündən böyükdü bizim!