Meyxoş Abdullah - Sağlığında sevilən insan...

YAZARLAR 12:20 / 15.03.2026 Baxış sayı: 252

 

(Mərhum şairimiz Ələkbər Salahzadənin 85 illiyinə)

Ələkbər Salahzadə tanıdığım yaradıcı insanlar arasında, yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşən insanlardandır. Belə bir hal yaradıcı insanlar arasında az-az təsadüf olunan hadisələrdəndir. Bəli, indiki zamanədə mən bunu qeyri-adi bir hadisə adlandırıram.

Ələkbər müəllimi çoxdan tanıyırdım. Amma “Ulduz” jurnalında baş redaktor işlədiyi vaxtlar onunla görüşmək qismətim oldu. İyirmiyə yaxın hekayəmi jurnalda dərc etmişdi. Həmişə də qonorar yazırdı. Hər dəfə Bakıya yolum düşəndə, onunla görüşüb, söhbət edərdik. İstərdim ki, hekayələrimə görə yazdığı qonorardan ona da hörmət edim. Əsla, yaxın buraxmazdı. - “Sən rayondan gəlmisən, biz sənin qulluğunda durmalıyıq” – deyərdi. Güc-bəla ilə bir tikə çörək kəsərdik.

Əyalətdə yaşayan yaradıcı insanlara rəğbəti çox böyük idi. Ümumiyyətlə, bu insan hamını çox sevirdi. Təkəbbürlükdən, lovğalıqdan çox uzaq adam idi. Mütaliəsi çox güclü idi, demək olar ki, bütün yaradıcı insanları oxuyurdu.

Bir dəfə mənə zəng vurub bildirdi ki, oğlum Cəlilabadda hərbi xidmətdədir, uşağı görmək üçün ora gəlmək istəyirəm.

Gəldi. Onu adına layiq qarşıladıq. Həyat yoldaşı ilə gəlmişdi. İki gün rayonda qonağımız oldu. Çox həyalı, abırlı bir insan idi. Danışanda sifətində qızartılar görünərdi.

Papiros çəkən idi, özü də necə... Hökumət evində yaşadığımıza görə, görürdüm ki,otaqda papiros çəkmək istəmir. Xahiş edirdim ki, narahat olmasın, papirosunu çəksin. Razı olmazdı, o boyda kişi, 4- cü mərtəbədən aşağı enib, binanın həyətində papirosunu çəkib qayıdardı...

Artıq o, həyatda yoxdur... Amma yeri görünür. Bu cür nəcib insanların yoxluğu, adamın ürəyini yandırır.

Hər dəfə Yazıçılar Birliyinə yolum düşəndə gözüm onu axtarır. O, mənim üçün çox dəyərli və böyük bir insan idi, insanlıq etalonu kimi...

Allah Ələkbər Salahzadəyə rəhmət eləsin. Nə yaxşı ki, onu tanımışam, nə yaxşı ki, yaşadığım dövrdə qarşıma belə gözəl insanlar çıxıbdı.

Ələkbər Salahzadə kimi insanlar 100 ildə bir dəfə dünyaya gəlirlər. Çox heyf ki, biz belə insanların qədrini, ancaq onlar dünyasını dəyişəndən sonra bilirik. Çox təəssüflər olsun ki, bu həmişə belə olub, indi də davam edir.

Amma gec də deyil, bu peşimançılığı çəkməmək üçün, çevrəmizdə görün hələ nə qədər qədri bilinməyən insanlar dolaşır. Bizə edilən yaxşılıqların sahibləri, artıq dünyalarını dəyişiblər. Biz, o yaxşılıqları onlara qaytarmaqda çox acizik, artıq gecdir. Amma bunun da çıxış yolu var. Peşimançılıq çəkməmək üçün, təsəllimiz o olar ki, vaxtilə bizə edilən yaxşılıqları, indi biz də başqalarına etməyi, başqalarına göstərməyi bacarmalıyıq. Bunu etməklə, həm onların ruhunu, həm də öz qəlbimizi və həyatımızı şad etmiş olarıq... Əgər bacara bilsək...