Vahid  Aslan -  Ürəyim deyir ki

Ədəbiyyat 09:20 / 30.04.2026 Baxış sayı: 160

 

Bilsəm ilğımlara könül verməzdim,

Məni bu dünyada tutub, əylədi.

Bəlkə özümlə də yola getməzdim,

Məni şairliyim xilas eylədi.

 

Bir oyun oynadı sözlər mənimlə,

Qafiyə tutmağa qarışdı başım.

Üz-üzə duranda zilim bəmimlə,

Göynədi ürəyim, çatıldı qaşım.

 

Labirint mənalar, köntöy fikirlər,..

Qəlizdi bu oyun, bir az da ağır.

Göylərə dartırlar, yerə çəkirlər,

Duyğular dəcəldi, ürəyim fağır.

 

Qorxuram qurşanam pis vərdişlərə,

Sözlərlə bu qədər oynamaq olmaz.

Hərdən baş qoşanda qəliz işlərə,

Ürəyim deyir ki, get şeirini yaz!

29.04.2026