Ayaz Arabaçı - Ağlımıza nə gəlir düşünmədən tuturuq

Ədəbiyyat 09:55 / 30.04.2026 Baxış sayı: 164

Ağlımıza nə gəlir düşünmədən tuturuq,

Görən cinmi bizdədi, görən, bizmi cindəyik.

Tanrı bizi uzundan- uzun bir sapa yığıb,

Gör necə ifcindəyik.

 

Beş gün vaya vururuq, beş gün toya vururuq,

Yaxşı mala çəkirik, yaxşı boya vururuq,

Hələ ki, zərbələri "uqlavoy"a vururuq,

Hələ ki, kəcindəyik..

 

Tariximi gömdülər qılıncımın pasında,

Qırat gəlib ağladı, boz ulağın yasında,

Elə qovruluruq ki,

gah "Marten" sobasında,

Gah "Domna" peçindəyik..

 

Təməlində haram var, uçulacaq bu damlar,

Qarğalara yuvadı yaşıl yelkən badamlar,

Günü-gündən çoxalır "kitayski" adamlar,

Elə bil ki, Çindəyik..

 

Gözünü yum, qovza, at, şeş olsun,cahar olsun,

Əllərinin qabarı balana nahar olsun,

Göydəkinə fərqi yox, qış olsun bahar olsun.

Hər fəsil biçindəyik.

 

Çitdən əmələ gəlmiş çitini tərifləyir,

Bitdən əmələ gəlmiş bitini tərifləyir,

İtdən əmələ gəlmiş itini tərifləyir,

Rəzalət içindəyik.