Məmməd  Qədir - Öldürmüsən

Ədəbiyyat 10:40 / 30.04.2026 Baxış sayı: 118

 

Vulkan tək püskürdün ömrümə ömrüm,

İlahi, nə gözəl yanıb töküldüm...

Gecən ayaz saldı, çatladı könlüm,

Tapdanmış buz kimi sınıb töküldüm...

 

Gərək sındırmazdın bərk ürəyimi,

Kimə lazım imiş sınan kişilər.

Dərd sinəmi oyur, gün kürəyimi,

Necə el qorusun yanan kişilər?

 

Axı yandırmağın bir qaydası var,

Nəyinə gərəkdi külüm, Ayüzlüm?

Düzdü, hər zərərin bir faydası var.

Kaş səni yaşadıb ölüm, Ayüzlüm .

 

Məni çox imtahan etdin, duymadın,

Sevginin düsturu, qaydası yoxdu.

Off, ölüb gedirdim, niyə qoymadın,

İndi ha yalvaram, faydası yoxdu.

 

Nə gündüz gün verir mənə, nə axşam,

Gör məni nə günə qoyubdu sevgim.

Mən səni sevəndə bağışlamışam,

Ən bəd günahını yuyubdu sevgim.

 

Şair səni sevib gün görmədi ki,

Gülüm, gülüm üstə nar öldürmüsən.

Ayüzlüm, tək məni öldürmədin ki,

Bir ata, bir oğul, yar öldürmüsən...

 

Dayısız, əmisiz qaldı bir nəsil,

Soyqırım deyil bu, nədi, Ayüzlüm?

Mənim sevdiyimcə sevib, sonra sil,

Məmməd son sözünü dedi, Ayüzlüm!