Şövkət Zərin Horovlu : - Silməyək xatirələrdən
Yadındamı…
Novruz qabağı,
kəhrizin üstündə,səhəng çiynimdə,
Sənin çox sevdiyin
Güllü don əynimdə dayanmışdım,
Sən qürurunu sinənə bərk-bırk sıxıb
qoz ağacına sığınmışdın,
Mən də həyama, ismətimə,
Gendən baxırdım , utancaq qismətinə!
Yadındamı…
O gün bizi islatmışdı yağan yağışlar,
Gözlərimizi yormuşdu gizli baxışlar.
Səhəngim suda dolub ,
daşmışdı o ki, var,
Sevgi şərqisi ozuyurdu sular.
Qızların pıçıltılarını
Unutmuşduq,o gün biz,
Kəhriz üstdə heykələ dönmüşdük
hər ikimiz .
İslaq saçlarımı, oynadırdı
bahar yeli,
Bizi axıdırdı sevgi seli.
Yadındamı…
Adımızı cızdığımız əyri budaq,
syrılıq olmasın deyə
başını sulara əymişdi
utancaq-utancaq.
Budaq da, kəhriz də, şahid idi bizə,
Əl çalıb ,oynayırdılar sevgimizə.
O günlər geri qayıdaydı,
Sular ayrilığı aramızdan
alıb aparaydı,
Oğrun baxışlarımız ,
Kaş suların aynasında
ilişib qalaydı,
bizi yada salaydl.
Qayıt,o günlərə boylanaq hərdən,
Ürəkdə çıxarıb
silməyək xatirələrdən…