Xatirə Rəhimbəyli - AŞIQ

YAZARLAR 11:00 / 29.04.2026 Baxış sayı: 151

 

Səlim intizarla doqqaza boylandı.Bayaqdan yüz dəfə gedib-qayıtmışdı,amma Cəlil adında adamdan xəbər yox idi.

--ALLAH xeyir versin,xoşbəxt olsunlar.

Xələt yazdırıb gedənlərə “qalın ,musiqiyə qulaq asın”—deməyə ürək eləmirdi Birdən,ALLAH eləməmiş...

Sarı maşın qapıda dayandı.Səlim sevincək doqqaza yüyürdü.Maşından Cəlil düşdü,bir də Səlimin tanımadığı başqa bir oğlan .Səlim intizarla Cəlilin üzünə baxdı və maşının boş olması onun yeddi qatından keçdi.Təəssüf,əsəb,intizar qarışıq boğuq bir səslə:

--Nooldu,ə,bəs?

Cəlil Səlimi eşitmirmiş kimi əyilib maşındakı sazı götürən oğlana :

--Gəl,xalaoğlu,gəl,xoş gəlmisən,--deyib qardaşının qoluna girdi.Doqqazdakı qohumlardan birinə qonağı içəri aparmağı tapşırıb Səlimi kənara çəkdi:

--Hüsügilə getmişdim ki,onu da götürüb gedim Bərdəyə.Tapmışam oradan bir dəstə,gedim gətirim.

Səlim çox gərgin:

--Əşşi,gedəydin də,ta nəyə gəlmisən bura?Vaxt öldürürsən e,özüm ölüm..

Cəlil səsini qısıb:

--Bunu gətirdim də. Dədəmin goruyçün bülbüldü. Pula gəlməyib,elə-belə ...Biz gəlincə məclisi boş keçməyə qoymasın. Danışmışıq,onlar çıxıb oradan .Uzağı bir saat gecikəcəyik.

Səlim fikirli-fikirli çiynini çəkdi.Cəlil pıçıldadı:

--Sən ALLAH qoyma uşaqlar onu incitsinlər.Bilirsən də, cavanları..Qəribdi,yazıqdı.Özün apar mağara.

Səlim fikirli-fikirli başını yellədi.

--Əvvəl qoy bir şey yesin.İçib-eliyən döyül.Qorxma,sanballı uşaqdı.

Cəlil getdi.Səlim oğlana yaxınlaşıb gülümsündü:

--Xoş gəlmisən,qardaş.Bir az dilxoram,sən ALLAH ,bağışla.

Onun qoluna girdi:

--Gedək bir-iki tikə yemək yeyək,sonra başlayarsan.Camaat gözləyir...

Camaat doğrudan da gözləyirdi.Səlimin vəziyyəti yaxşıyadı.Bu toy yaxşı toylardan olmalıydı.Səlim atasını tez itirsə də,özünü itirməmişdi,bacı-qardaşlarını başına yığıb işləmişdi,çalışmışdı,sonra da başqaları kimi Moskvaya getmişdi,əli gətirmişdi,amma özünü itirməmişdi,keçmişini unutmamışdı,bacısını təmtəraqla ərə vermiş,Cəlilə toy eləmişdi.İndi də sonbeşik qardaşınin toyu idi.Atası öləndə kiçik qardaşının 2 yaşı vardı,dil açıb Səlimə “dədə” demişdi.Səlim də onu qardaş yox,oğul gözündə görmüşdü yaş fərqləri az olsa da.And içmişdi ki,ona bir toy eləyəcəm ki,külli-Qarabağda səs salsın.İndi qarmonçalanın qəflətən infarkt olması Səlimi çox əsəbiləşdirirdi:”İşin tərsliyinə bax da!!!”

Tamada onu axtarırdı.Musiqiçiləri soruşacaqdı,bu sazlı oğlanı görüb:

--Bu nədi ,ə?—deyə heyrətlə soruşdu.

Səlim tələsik:

--Cəlil Bərdəyə getdi,gəlincə birtəhər başını qatın da camaatın ...Dağılışmasınlar.Qarmonçalanın vəziyyəti ağırdır,yoldaşları da utanırlar gəlməyə.

Əsgər güldü.Səlim tez çevrilib oğlana baxdı.O,Səlimgili görmürdü,deyəsən.Səlim:

--Sən canın,--dedi yalvarıcı səslə,--gəlib də,pərt eləmə,yazıqdı,qəribdi.

Əsgər əlacsız bir səslə:

--Dur,dur gedək mağara ,xalaoğlu.Döşə bu millətin qabırğasına söz güllələrini.

Oğlan diksindi,Əsgər anlaya bilmədi o nəyə diksindi; “söz” kəlməsinəmi,”güllə” sözünəmi?

Səlim :

--Əsgər,sən get mağara,oraları qaydaya sal,çalğıçıların gələləcəyini de və mən əvəzdən xahiş et ki,bu qardaşı incitməsinlər,--dedi .Əsgər getdi.Səlim indi də aşığa tərəf dönüb soruşdu:

--Haradansan,qağa?

Oğlan çəkingən bir səslə:

--Dağlıyam,-- dedi.

Səlim bir az pərt səslə:

--Bilirəm e, dağlısan.Qaçqınların əksəriyyəti dağlıdırlar.Düşmən dağlarımızı işğal edib dəə.

Öğlan yaşına uyuşmayan bir tərzdə ah çəkdi:

--Yox,qardaş,mənim kimi dağlısı yoxdu,--dedi.Nəyim var dağlarda qaldı.Bir quru canımı,bir də bu sazı götürüb düşmüşəm üzü bəri.Nəyim varsa,bu saza hopub,bu sazın küpündədi varidatım.Ata-anamın,bacı-qardaşımın,sevdiyimin,elimin-obamın,doğulduğum torpağın məzarıdır bu saz.Başımı söykəyib təkbətək qalanda bununla elə bilirəm,o günlərdəyəm yenə,heç nə dəyişməyib.Elə yer axtarıram bu sazla təkbətək qalmağa.Hərdən dayanıram üzü dağlara ,saza qoşulub çağırıram,çağırıram,nə gəlmir gələnlərim,nə çıxmır zalım canım.

Üzündən 20-25 ilin yorğunu olduğu gorünən bu cavan oğlanın hər kəlməsindən bir dağ asılmışdı,hər sözü adama bir dağ basırdı.Səlimin gözləri dolmuşdu.Bayaqdan hirsi cırmaqlayırdı ürəyini,bu da duz basdı yarasının sıyrıqlarına.Oğlan onun bu halına baxıb:

--Pis olma,qardaş,şad günündü,sevin.Sevinməyə imkanın olanda çox-çox sevin .Çünki sevincə etibar yoxdu,varındısa,qədrini bil layiqincə.Adam sonra peşman olur.

Əskər uşaq göndərmişdi,toyxanaya çağırırdı onları...

Çalırdı...Çaldıqca,barmaqları sazın telləri üzərində gəzdikcə ona elə gəlirdi ki,səsi onun özü yaratmır,səs haradansa uzaqlardan,həmin o bəxtəvər illərdən,həmin o bəxtəvər yerlərdən gəlir .O gözəl günlər gözünün önündən keçdikcə canında qəribə bir şirinlik hiss edirdi.O şirinlik də barmaqlarına qəribə bir incəlik,zəriflik ,həzinlik,eyni zamanda qüdrət,güc verirdi.

O günlərin xatirəsi barmaqlarından axıb sazın üzərinə tökülürdü və saz da səadətin,xoşbəxtliyin tərcümanına çevrildikcə ona daha əziz,daha doğma olurdu.Sazı daha şövqlə sıxırdı sinəsinə.

Budur,səhərin xoş havasında qoyun-quzu səsi bir-birinə qarışıb .Evlərinin yanından keçən kənd sürüsü bütöv küçəni tutub .Bərəkət qalxır üzüyuxarı örüşə.Samaovar pıqqıldayırs .Anası ayaq tərəfdə oturub, atası baş tərəfdə iri,güllü mütəkkəyə dirsəklənib .Uşaqlar da o üz-bu üz süfrənin kənarında bardaşqurma oturublar.Anası çay süzür,bacısı çayları paylayır.Nazlı xala qaymaq göndərib;onların sağılanları azdı,anası süd sərmir,ancaq qatıq çalır.Bir də səhər yeməyinə süd bişirir.

Qəfil kimsə mizrab tutan əlinə vurur:

--Ə,zalım oğlu,yatmısan?Saxla dəə...

Mat-mat danışanın üzünə baxır.Nə istəyir bu kişi görəsən?Niyə onu o şirin xəyallardan ayırdı?

--Bacıoğlu,”Sarıköynək” çala bilirsən?,--ardını gözləmədən—çal,görək.

Sazın simlərini düzəltdi.Başını sazın küpünə dayayıb azacıq dayandı.Sanki gözlərini qıyıb uzaq illərin o üzünə baxırdı.Aha,həmin enişdi—küçələrinin başı.Mizrabı simlərə toxundurdu,sanki o simləri qaldırıb altına baxmaq,oradan o gözəl günləri görmək istətirdi.Sazın həzin səsi o günləri qoynuna almış vaxt dumanını parşçaladı.Odu haa,eniş aşağı enir.Sol tərəfdə,yolun üstündə,enişin lap qurtaracağındakı bulağın başına toplaşmışdı bəxtəvərlər.Allı-güllü geyimlərin içindən gilənar rəngli donu gözü həmin dəqiqə almışdı.Qardaşı alıb gətirmişdi bu məxmər donu o bəxtəvərə Bakıdan.Elə gözəl yaraşırdı ki bu ətəyi enli don ona..Yanpörtü dayanıb.Yəqin duyub gəldiyimi.Həmişə deyir,addım səslərindən tanıyıram səni.Həmişə belədir,özünü görməməzliyə vurur...Gözü qızlarda qalır,ayağı nəyəsə ilişib yıxılır.Yaxşı ki,əlindəki saz çörö-çöpə ilişib cırılmır.Qalxır.Gözü onu arayır.O da qızlara qarışıb gülür,amma üzündə bir təəssüf hissi var,sadəcə özünü gülən kimi göstərir.Səhəngini götürüb gedir.Ürəyi riqqətə gəlir oğlanın :

--Sallana-sallana gələn Salatın,

Gəl belə sallanma,göz dəyər sənə.

--Ə,bala ,sənə kim dedi havanı dəyış?

Havanı o dəyişməmişdi,hava öz-özünə dəyişmişdi.Səlim bayaqdan ona göz qoyurdu.Çaldıqca üzünün-gözünün ifadəsinin dəyişdiyini,gah üzünə səadət şöləsinin yayıldığını,gah da kədər dumanının çökdüyünü görürdü. Bütün toy əhli eşitsin deyə üzünü aşığa tutub ucadan dedi:

--Xalaoğlu,meydan sənindi,nə istəyirsən,necə istəyirsən çal!

Bu istiqanlılıq kövrəltdi onu.Ustası yadına düşdü.O da çətin vəziyyətdən bax belə qaynarlıqla,sirayətedici nitqiylə çıxardı.Sazı kökləyə-kökləyə düşünürdü”Birinci elə o yazığın evini yandırdılar.Kəndin kənarındakı dikdəydi evi.Murdarlar çoxdan marıtlamışdılar o evi”Ürəyi göynədi.Düçüncələr yenidən alıb getdi onu.Nə çaldığını,nə vaxtdan çaldığını bilmədi.Sazın yanıqlı sədaları altında gördü ki,dədəsi onu sinəsinə sıxdı,bu sazı köynəkdə verdi ona ,dedi ki,ara yolla qaç əmingilə.Sən onlarla get.Biz də Heydər əminlə gedəcəyik.Tez get,əminə de ki,heç nə götürməsinlər.Maşınlarda yer yoxdu.Dərə yolu getsinlər..

Çalırdı,çalırdı,çaldıqca da görürdü ki,səsin-küyün,ağlaşmanın-şivənin,müsibətin,ah-nalənin ,yalvarışın-qarğışın, ufultunun,iniltinin,ulartının,nəriltinin,ciyiltinin,vıyıltının ,tappıltının,güppultunun və s.,və i.a.altıyla qaçır.Əmisigilə çatır.Budur,əmisigilin evi.Evdən insan səsi gəlmir,heç kim yoxdur,gediblər.İtləri bağlı qalıb,zingildəyir.Qəribədir,adi günlərdə göydə uçan quşa da aman verməyən Alabaş indi zingildəyir,sanki ona deyir ki,azad et məni bu cəhənnəmdən,qorxma sənə dəymərəm.iti açır.it qaçır,özü isə hara gedəcəyini kəsdirə bilmir,yenidən geri-evlərinə qayıdır.Kimsə onu saxlayır—Hara ,a bala.O yanı ermənilər tutub.Gəl,gəl otur maşına.

Tanımadığı biridir,sazı onun əlindən alıb atmaq istəyir,o sərt hərəkətlə kişini itələyir.Kişi təslim olmuş halda:

--Yaxşı,yaxşı,tez ol,otur.

Maşın sürətlə üzüaşağı Keçidə gedir.Keçiddə bir maşın yanır.Onlar keçidə çatmamış düşürlər.Kişi az qala onu sürüyə-sürüyə meşəyə qaçırır.:

--Tez ol,tezz.Yubanma .Pusqu qurublar,əclaflar.Onlar imkan daxilində keçiddən uzaqlaşırlar.Böyük bir qaya parçasının arxasına sığındılar.Onun nəfəsi kəsilmişdi az qala.Gördüyü qana bulaşmış tanış simalar bir-bir göz önünə gəldikcə gözləri böyüyür,boğulurdu.Qəfil sifətinəbir sillə dəydi .O kişi idi.”Özünə gəl,kişisən”—deyirdi. Özünə gəldi,üzü üstdə uzanıb keçidə boylandı.Bir maşın çatdı keçidə.Qəflətən əli silahlı bir neçə adam dövrəyə aldı maşını atəş aça-aça.Maşın dayandı .Qapısını açdı silahlilar maşının .İçəridəkiləri dartışdırdılar.Nəyisə maşından çıxarıb irəlidə yanan maşının alovları içinə atdılar.Kimsə maşından çıxdı. O nəyisə oda atan adamın üstünə cumdu.Atəş səsləri gəldi. Maşından çıxan adam yıxıldı.Onu da sürüyüb oda atdılar.Sonra sürəkli atəş səsləri gəlməyə başladı.Əli silahlılar uzaqlaşdılar .Maşını alov bürüdü....O ayağa qalxmaq istəyəndə kişi onum başından aşağı basdı:

--Onlar çoxdu, həm də silahlıdırlar,ağılsızlıq eləmə.

Çalırdı,çalırdı..”Orta sarıtel”ə keçmişdi..Budur,qaranlıq düşüb,ara sakitləşib .Onlar keçidə tərəf sürünürlər.Kişi ona söz vermişdi, öldürülənlərin kimlər olduğunu öyrənməyə gedirdilər.Budur,maşının nömrə nişanı olan lövhəsi.Yanıb qaralıb .Əllərini sürtür nömrələrin üstünə .rəqəmlərin qabarıq işarələri düz gəlir .Alovun işığında baxmaq istəyir,dəmiri qopara bilmir.Kişi yavaşdan pıçıldayır:

--Hə,nooldu,öyrənə bildin?

--Qaranlıqda görünmür.

Kişi hələ də yanmaqda olan bir parçanı işıq salsın deyə ona tərəf gətirir.Gilənar rəngli parça.!!!Bu onun donunun qalığıdır.Qeyri-ixtiyari dəli kimi bağıraraq parçanı kişinin əlindən alır.Kişi tez onun ağzını tutur.Möhkəm tutur,az qalır boğula ,sakitləşir .Parçanı yana-yana sinəsinə sıxır.Bəli,şübhələnmişdi, duymuşdu,amma inanmaq istəməmişdi..Onlar idi öldürülənlər.Heydər əminin maşınıdı yanan ata- sı,anası,Nazlı xala,kiçik qaradaşı,gilənar rəngli don,onun bacı-qardaşı..Hamısı,hamısı bir maşında yanıb kül oldular .Yandılar,yandılar,yandılar...

Çalırdı...gözlərini yumub başını saza söykəmişdi. “Kərəmi“havasına keçmişdi..Saz yanıqlı-yanıqlı danışırdı:”Yoxdu,yoxdu o günlər,”--deyirdi,--“yoxdu,yoxdu o dağlar,o dərələr, o mənzərələr.Yoxdu o ev,o küçə,o bulaq başı,yoxdu o yoxuş,o eniş...yoxdu o baxışlar,o gözlər,o ərk,o məhəbbət.,o sədaqət,o səadət Yoxdu o ata ,o ana ,o şirilik ,o güvən ,o güvənc yeri...Yoxdu o Vətən!” ,--deyirdi saz,--“yoxdu!”

Daha heç nə...heç nə hiss eləmirdi.Heç nəyi yox idi daha,heç kəsi yox idi,bir parşa yanmış gilənar rəngli parça və bir də saz...Saz...Hanı saz? Orda ,o qaya parşasının arxasında qalmışdı.Geri süründü.Kişi:

--Hara gedirsən,yol yalnız buradandır,-deyə pıçıldadı.

--Sazım...

--Yaxşı,tez gəl.

Gilənar rəngli parçanı sinəsinə sıxdı.Tam sönməmişdi hələ parça,əllərini yandırdı ,əlləri yana-yana ovcunda sıxdı onu...

Qayıtdı...Az qalıb kişiyə çatmağa ..Səslər gəldi.Başqa dildə danışırlar.Hərəkətsiz qaldı yerində.Bəs kişi hanı?

Gələnlər acıqlı-acıqlı yanan maşınların ətrafında dolanırlar .Biri yıxıldı. Başqa birisi yıxılanın yanına qaçdı .O da yıxıldı.Üşüncü yıxılanlar tərəfə atəş açdı .Nəsə eləmək lazımidi.Əlini yerə sürtdü,bir çarpanaq daş götürüb qəfil qalxdı və sürətlə irəli cumub daşı üçüncünün başına çırpdı .O bağıraraq yerə sərildi.Kişi qaranlıqdan çıxıb onu susdurdu ,əbədi susdurdu.Kişini qucaqladı,möhkəm- möhkəm ona sarıldı:

--Nə yaxşı səni öldürə bilmədilər,nə yaxşı sən ölmədin...

Kişi də onu sıxmışdı sinəsinə:

--Biz ölməyəcəyik,bizim hələ çox işimiz var,biz onların payını verəcəyik!Biz analarımızın,bacılarımızın ,kör pələrimizin,günahsız insanlarımızın intiqamını alacağıq səninlə birgə!!!

Kişi gəbərmiş ermənilərin silahlarından birini ona verdi,ikisini özü götürdü.

Çalırdı,çalırdı.Cəngi havasına keçmişdi,Cəngi çalırdı...Hava özü dəyişmişdi...”Yanıq Kərəmi” havası Cəngi havasına keçmişdi özü də hiss eləmədən.

Cəlil gəlib çıxmışdı.Uşaqlar çalğıçıların aparatlarını daşıyırdılar toyxanaya.Onun işi qurtarmışdı burada. Amma ürəyi hələ soyumamışdı.O,hələ çalmaq ,çalmaq,çalmaq istəyirdi,İstəyirdi sazının səsi o dağlara gedib çatınca çalsın,dağların başında qarlar əriyincə ,zirvələrdən yuxarıda tale yazan oyanınca çalsın ...

Səlim ona yaxınlaşdı.Qoluna girdi .Bu xoş təmasdan,bu isti münasibətdən kövrəldi.Səlimə baxıb:

--Dağlara gedək,qardaş,--dedi.

Səlim heyrətləndi,qəribəydi,onun da ürəyində qəribə bir dağ həsrəti vardı,onda da dağlara getməyə sonsuz istək yaranmışdı.