Ayaz Arabaçı - iki səs var içimdə

Ədəbiyyat 10:37 / 29.04.2026 Baxış sayı: 157

iki səs var içimdə

biri həmişə get deyən,

biri həmişə qal deyən.

biri həmişə ver deyən, biri həmişə al deyən.

bir nəfəs darlığım var

metrolarda sıxılıb qalan..

küçələrdə

yıxılıb qalan.

ürəyim tək nəfərlik yerdi

bir uzaq səfərlik yerdi.

darıxıram nə yalan..

nə gedənəm, nə qalan.

bir vağzal gecəm var,

bir gözləmə yorğunluğum..

zaman burada

yalnız uzanmaq üçündü, uzanıb qapının ağzındakı itin yanına.

lənət olsun çöldəki soyuğun

vicdanına

bir qatara baxıram hər gecə

gəlir, dayanır, gedir..

hər dəfə bir başqası

məndən istifadə edir,

ya özü minir

ya kimisə yola salır..

cib telefonunu çıxardıram

internetim yox, varsa da ləng..

kimdəndi bu gəlməyən zəng..

telefonum rəng verib rəng alır,

gecə bir başqa ahəng alır..

sən nə bilirsən

gəlməyən bir qatarı gözləməyin

nə qədər uzun olduğunu..

Sən nə bilirsən gözlədiyinin özün olduğunu..

Sən nə bilirsən sənsiz qalmağı

sən nə bilirsən özünlə dava salmağı.

sən nə bilirsən yaxınlıqdakı

polis bölməsini.

və hər gələn səsdə

ümidin yenidən doğulub ölməsini…

içimdə bir vağzal gecə var,

haraya getsəm

bir platforma var..

yüz dayanacaqda gözləməklik norma var.

sən də bir gün gəl

bu gözləmənin içinə..

bəlkə qarşılaşdıq

ikimiz də eyni anda

gəlməyən bir qatarın səsində…

ayaq səsləri çəkilib gecədən..

vağzal işıqları titrəyir

yorulmuş göz qapaqları kimi..

bir səs gəlir uzaqdan

sən niyə getmirsən

deyirəm, hara gedim

hər yer məni sıxır

bütün istiqamətlər

bir nəfərin yoxluğuna çıxır..