Ay  Bəniz Əliyar - Qovuşa bilmədik ömrün içində

Ədəbiyyat 10:46 / 29.04.2026 Baxış sayı: 166

Qovuşa bilmədik ömrün içində,

Başqa ömürlərdə, bəlkə, görüşdük.

Bəlkə Azərbaycan düşmədi bizə?

Bəlkə Fransada, bəlkə də Çində,

Dəyişdik bir başqa ölkə, görüşdük.

Ölkələr dəyişmək gəlməsə kara,

Xəyal gücümüzü salarıq işə.

Sübh vaxtı edilən dualar var a,

Onlar gerçək olur, düşmə təşvişə.

Bu qədər gözəldir, bu qədər, demək,

Sənlə görüşməyi xəyal eyləmək!

Bir adi xəyalın nə qüdrəti var,

Bu xəyal bir gerçək olsa, nə olar?!

Bəlkə ayrı adda, ayrı bədəndə,

Ayrı dünyalarda, ayrı zamanda,

Lap ayrı ömürdə, lap ayrı gündə,

Lap ayrı ağılda, lap ayrı canda

Qovuşa bilmişik,

Nə bilim.. Belə...

Bu, tamam ayrılıq deyildir hələ!

Səni niyə belə doğmam sayıram?

Nəsə düşünürəm, xatırlayıram.

Dəqiqdir, nə vaxtsa görüşmüşük biz,

Yoxsa necə belə olardıq əziz?!

Hisslər oyanarmı ürək dinməsə?

Sən mənim yeganəm, mənim birdənəm!

Səni bənzədirəm qırıq bir səsə,

Səndə nə var qırıq, yarım, o mənəm!

Düşün, dostluqlar da bu qədər olmaz,

Sanki gətirmişik illəri dizə.

Uzun həsrətlilər kimiyik bir az,

Tamarzı qalmışıq bir-birimizə.

Məni bağışla bu kövrəkliyimə,

Səni neçə ildir gəzirəm, demə...

Demək ki, bir insan yaranmayıb tək,

Mənim sol yanımsan son nəfəsədək.

Səni bənzədirəm ən doğma kəsə,

Sən mənə əlini uzadan işıq.

Ağlımın ucunda kilidli nəsə,

İlişib qalıbdı qatmaqarışıq...

Bəlkə ilk səfərim deyil bu yaşa,

Bəlkə də deyildir son səfərimiz.

Sanki xəcil olub ömür yaddaşa,

Sanki görüşmüşük nə zamansa biz.