Əbülfət Mədətoğlu - İDİ...

Ədəbiyyat 22:12 / 11.03.2026 Baxış sayı: 170

 

Dağ başında dumah gördüm bir topa

Nə çökürdü, nə qalxırdı - xal idi...

Ətəkləri süzülürdü arabir -

Elə bil ki, şandan daman bal idi!..

 

Yaxın idi aramızda göz yolu,

Baxışırdıq, hərəmizin öz yolu ...

Ortalıqda cücərirdi söz yolu -

Bu mənzərə tribunasız zal idi!..

 

Sükutdadı içimdəki ün, haray

Həvəs yoxdu, etməyə bu gün haray...

Mən bir bəndə, yer üzü də bir saray -

Göy üzüsə bir azacıq çal idi!

 

Xoş gəlməyə bilər sizə bu halım...

Tək onadır, verəcəyim sualım...

Söylə görüm , ay dodağı dualım -

Çiynindəki, biz bürünən şal idi?!.

 

Xatirələr içində can üzüldü

Çəkdirdiyin boyat dərddi- yüz ildi!

Vüsal yolun qovuşanlar düz bildi -

Əbülfətsə indiki tək kal idi...