Ələddin Əzimli - GƏLİRƏM
Bu gün
mayın altısı.
Üzümə açıqdır haqqın qapısı.
Qulaqlarımda
çox-çox uzaqdan gələn
anamın səsı,
şirin laylası...
Anamın anası
Pəri nənə
yaşadı yüz bir il.
Böyük bacısı Çəni xala da eləcə.
Özü
dəyişdi ömrünü gözümün önündə
altı il öncə,
doxsan altıda.
Yaşasaydı bu gün
yüz iki olardı yaşı.
Gözəl bir məclis qurardıq,
Şahnişin dağına-
uca zirvələrə çatardı başı.
...Bu gün
anamı itirdiyim gün.
Tabutunu
doğmalarım, dostlarım ilə
çiynimə götürdüyüm gün.
Hər şeydən, hamıdan artıq sevdiyi
dili dualı,
ağzı oruc anamı
Tanrı dərgahına ötürdüyüm gün...
Heyf ki, sevimli anam,
qəbirstanlıqda
yer saxlamayıb yanında
mənimçün,
əziz övladıyçün.
Bəlkə də düşünüb
qəbrinin dörd yanı boş torpaq-
elə qəbir yeridir.
Darıxma, ay ana,
namazını qıl, orucunu tut.
İstəsən, istəməsən də,
incisən, inciməsən də,
möhlət ver,
qoy halallıq alım əzizlərindən,
yollarında
ürək qoyduğun nəvələrindən,
istəkli gəlinlərindən.
Sonra da işarə etsəm,
əlini uzat,
tutum əlindən.
Artıq vaxtdır ,ana,
bürünüm qurubun qoy dumanına.
Asta-asta, qoy xəfif-xəfif
enim mənzilinə,
gəlim yanına.
O ağ paltarında qarşıla məni,
başına qara bağlama.
Bu səndən son istəyimdir,
ah çəkib təntimə,ana.
Unut göz yaşını,
unut, ağlama.
06. 05. 2026.