“Azərbaycanda mediasiya institutunun inkişafı: Mediatorlar üçün silsilə təlimlərə start verilib”

HÜQUQ 11:10 / 06.05.2026 Baxış sayı: 249

 

 

Bu  gün  ölkəmizdə, yəni  Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun effektivliyinin artırılması və sahə üzrə peşəkarlığın yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə, 28 aprel 2026-cı il tarixində mediatorlar üçün nəzərdə tutulmuş silsilə onlayn maarifləndirici təlimlərin ilk sessiyası uğurla başladılmışdır.

Peşəkar hazırlıq və institusional əməkdaşlıq məqsədi və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə təşkil olunan təlimlər Mediasiya Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Seminarın əsas hədəfi mediatorların peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, mediasiya prosesinin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və məhkəmə orqanları ilə mediasiya institutları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir.

Praktiki məsələlər və məhkəmə təcrübəsi "ZOOM" platforması üzərindən onlayn formatda baş tutan təlimin əsas məruzəçisi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev olmuşdur. ​

Təlim zamanı mülki məhkəmə icraatında mediasiyanın rolu xüsusi vurğulanmışdır. Abbas Rzayev mediatorlara məhkəmə təcrübəsində rast gəlinən nöqsanlar və qarşıya çıxan problemlərin qanunvericiliyin tələblərinə uyğun həlli yolları barədə geniş izahlar vermişdir. Bildirilib ki, barışıq sazişlərinin hüquqi cəhətdən qüsursuz tərtib edilməsi həm tərəflərin məmnuniyyəti, həm də məhkəmə iş yükünün azaldılması baxımından strateji əhəmiyyət kəsb edir.

İnteraktiv müzakirələr və perspektivlər mediatorların böyük marağına səbəb olan seminar interaktiv diskussiya formatında davam etmişdir. İştirakçılar gündəlik praktiki fəaliyyətlərində qarşılaşdıqları peşəkar hüquqi suallara ekspertlər tərəfindən dolğun cavablar alıblar. Xüsusilə barışıq sazişlərinin keyfiyyətinin artırılması və icra mexanizmləri ilə bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılmışdır.

Qeyd edim ki, bu qəbildən olan təlimlər birdəfəlik xarakter daşımır. Məhkəmə-Hüquq Şurasının dəstəyi ilə mediatorların maarifləndirilməsi və mediasiya institutunun nüfuzunun artırılması məqsədilə silsilə tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir. Bu isə ölkəmizdə alternativ mübahisələrin həlli mexanizmlərinin daha da təkmilləşməsinə və vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşmasına xidmət edəcəkdir

​Xəzər Rayon Məhkəməsinin sədri, möhtərəm hakim Abbas Rzayev tərəfindən keçirilən təlim zamanı mediasiya prosesinin effektivliyinin artırılması və tərəflərin maraqlarının qorunması ilə bağlı mühüm məqamlara toxunulmuş, xüsusilə vurğulanmışdır ki, mediasiya zamanı bağlanan Barışıq sazişləri tərtib edilərkən Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələbləri mütləq şəkildə nəzərə alınmalıdır. Misal olaraq, sərhəd keçidi zamanı yaranan problemlər və onların həlli, təcrübədə ən çox rast gəlinən hallardan biri yetkinlik yaşına çatmayan uşaqların ölkə hüdudlarından kənara çıxarılması ilə bağlıdır. Belə hallarda tərəflər arasında əldə olunmuş razılığın icrası zamanı çətinliklərin yaranmaması üçün aşağıdakı hüquqi prosedurlara riayət olunması tövsiyə edilmişdir:

Qanunvericiliyin tələbi: AR Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən getmək üçün hər iki valideynin notariat qaydasında təsdiq edilmiş razılığını təqdim etməlidir.

Sazişdə xüsusi qeyd: Mediasiya sazişində tərəflərin yalnız uşağın ölkədən çıxmasına razı olduqlarını qeyd etmələri kifayət deyil. Sazişdə tərəflərin bu razılığın icrası üçün notariat ofislərində xüsusi icazə forması verəcəkləri barədə öhdəlikləri də aydın şəkildə öz əksini tapmalıdır.

Maddi zərərin qarşısının alınması: Yalnız Barışıq sazişi ilə sərhəd-keçid məntəqələrinə müraciət edildikdə, notarial qaydada təsdiq edilmiş icazə sənədi olmadığı üçün vətəndaşların geri qaytarılması halları müşahidə olunur. Bu isə öz növbəsində həm vaxt itkisinə, həm də aviabiletlərin yanması nəticəsində maddi zərərə səbəb olur.

Bunlardan əlavə, Abbas Rzayev vurğulamışdır ki, müasir hüquq sistemində mübahisələrin məhkəmədənkənar həlli üsulu olan mediasiya xidmətinin inkişafı və təşviqi istiqamətində mühüm addımlar atılır. Bu prosesdə hakimlərin üzərinə düşən vəzifələr həm qanunvericiliklə tənzimlənir, həm də onların peşəkar fəaliyyətinin qiymətləndirilməsində mühüm amilə çevrilir. Qanunvericilik və hakimlərin təşəbbüskarlığı "Məhkəmələr və hakimlər haqqında" Qanunun müvafiq maddələrinə əsasən, hər bir hakim tərəflərin mübahisələrinin mediasiya yolu ilə həllini təklif etmələri. Bu, təkcə tövsiyə xarakteri daşımır, həm də məhkəmə iş yükünün azaldılması və vətəndaş məmnuniyyətinin artırılması üçün strateji bir yanaşmadır.

Məhkəmənin və hakimlərin bu sahədəki fəaliyyəti aşağıdakı praktiki addımlarla müşayiət olunur:

Məhkəmələrin inzibati binalarında mediasiya xidməti barədə məlumat lövhələrinin yerləşdirilməsi;

Lövhələrdəki məlumatların mütəmadi olaraq yoxlanılması və zəruri dəyişikliklərin dərhal edilməsi;

Dəqiq əsaslandırmaların aparılması kimi mühüm işlərin həyata keçirilməsi.

Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin gələcək işlərinin və peşəkar fəaliyyətinin qiymətləndirilməsi zamanı mediasiya xidmətinə göstərilən dəstək xüsusi nəzərə alınır. Hakimlərin bu istiqamətdəki aktivliyi onların fəaliyyətinin qiymətləndirilməsində müsbət amil kimi qəbul edilir və bu da öz növbəsində sistemin daha effektiv işləməsinə yol açır.

Möhtərəm hakimlərin mediatorlara verdiyi mühüm tövsiyələrdən biri də barışıq sazişlərinin keyfiyyəti ilə bağlı olmuşdur.

Barışıq sazişləri bağlanarkən diqqət yetirilməli olan ən vacib məqam, həmin sənədin gələcəkdə icra oluna bilməsi imkanıdır. Sazişin sadəcə kağız üzərində qalmaması, tərəflərin hüquqlarının real şəkildə qorunması üçün icra mexanizmlərinin düzgün müəyyənləşdirilməsi prioritet məsələdir.

Nəticə etibarilə, mediasiya xidmətinin təşviqi həm ədalət mühakiməsinin əlçatanlığını təmin edir, həm də tərəflər arasında qarşılıqlı razılığa əsaslanan sivil həll yollarını stimullaşdırır.

 

                                                           Emin  Qəzənfəroğlu,  

                                                            hüquqşünas  - mediator