Əlizadə Nuri - İşıq kimi...
Ədəbiyyat
12:27 / 25.10.2026
Baxış sayı: 514
Yol da yolda yoruldu-
Sənə çata bilmədim.
Kim qarğış etmişdi ki,
Bu yollar axsaq olsun?
Səni xatırlamağa,
Nə yaxşı bu ağac var.
Sağ olsun,
Görüm min budaq olsun!
O yandan payız gəlir,
O payıza qoşul, gəl.
Sən bir az yaxın gəl ki-
Dərd məndən uzaq olsun.
Yaman bərkdi bu axşam
Saçından bir tel ayır,
At axşamın üstünə-
Axşam da yumşaq olsun.
Gəl, yar bu qaranlığı,
Sən bir işıq kimi gəl.
Səhər öpsün üzündən-
Qoy, səhər də ağ olsun!