Şakir Xanhüseyinli - SÜBH
Bir bəyaz tül sərilmiştək
göy üzünə, açılır sübh.
Bir yol "ol" deyilibdi ha,
öz-özünə açılır sübh...
Bir möcüzə olmalı ki,
dərdlər qəlbdən tam silinə,
Kimin isə işıq dolu
ay üzünə açılır sübh...
Nəğmə kimi bir dodaqdan
süzülən o şəfəqə bax,
Hardasa bir gözütoxun
tox gözünə açılır sübh...
Nə mənalar aləminə
baş vururuq gecə-gündüz;
Elə bil ki, Füzulinin
bir sözünə açılır sübh...
Xəyalların üfüqündə
bax ümid sayrışmasına,
Çözüləsi bir düyünün
gec-tezinə açılır sübh...
Dedin əlim uzanacaq
bir ələ ki, mübarəkdi;
İffətlilər ismətinə,
həm irzinə açılır sübh...
Nəyə isə inancını,
inamını itirmə heç;
Zülmətin yolu bağlanır
və ruzinə açılır sübh...
Xoş niyyətlə döyülürsə
əgər birinin qapısı,
"Gəlmə" desə axşam düşər;
"Gəl" səsinə açılır sübh...
Hər olanın- olacağın
min-min dürlü halını gör,
Bəlkə də bir doğma əlin
istisinə açılır sübh!..