Ayaz  Arabaçı - Bayram eləyiblər mən doğulanda...

Ədəbiyyat 22:05 / 25.10.2026 Baxış sayı: 159

Bayram eləyiblər mən doğulanda,

Zurna gətiriblər, dəf gətiriblər.

Bərəkətli olub bağlar-bağatlar,

O il əməllicə nəf gətiriblər.

 

Öyüblər adımla bütün postları,

Deyiblər şənimə gözəl tostları,

Atamın kənddəki ürək dostları,

İçində pul olan zərf gətiriblər..

 

Nənəm nəzir qoyub döşəyin altda,

Babam çapıb gəlib qırğı bir atda,

Anam deyirdi ki, durnalar hətta,

Evimizin üstə səf gətiriblər.

 

Qoyundan-quzudan qırıb çatıblar,

Göyə şar buraxıb, tüfəng atıblar,

Qonaqlar stolda içib yatıblar,

Aşıqlar kef üstən kef gətiriblər..

 

Güllər layla deyib, xəlvəti, pəsdə,

Dişləyib əlimi bir boyu bəstə,

Üç-dörd adam varmış kənddən həbsdə,

Açıb -buraxıblar.. əfv gətiriblər.

 

Düzdü nə Babəkəm, nə Bamsı Beyrək,

Tapmadım özümdə o boyda ürək,

Mən olan otağa, bir dənə "yüyrək"

Bir də kitab dolu rəf gətiriblər.

 

Çoxuydu könlümdə ilahi qatlar,

Dəryada qərq oldu çapdığım atlar..

Mənə tanış gəlmir bu koordinatlar,

Məni bu dünyaya səhv gətiriblər