Ayaz Arabaçı - Yadımdadır,səninlə

Ədəbiyyat 09:37 / 06.05.2026 Baxış sayı: 219

Yadımdadır,səninlə

olan ilk görüşümüz,

Yadımdadı həyadan qızarıb utanan üz.

Küləklərin sükuta

büründüyü an idi,

Bu mənim ömrümdəki əsil imtahan idi.

Onda hələ alçalar

təzə-təzə dəyirdi,

Saçlarının qoxusu burnumda titrəyirdi.

Addımların gələndə

sevincdən doldu gözüm.

Heç nə deyə bilmədim ancaq çox idi sözüm.

Bir doldum, bir boşaldım,

bir titrədim, bir əsdim,

Sənə qurban olmağa quzu kimi tələsdim.

Göydə nə ki, bulud var

yığdım bulaqlarıma,

Səsin gücnən yol tapıb dəydi qulaqlarıma.

Gözlərin, ax. gözlərin..

bütöv bir şəhər idi,

Hamı mənə baxırdı halım birtəhər idi.

Heç gözlər görməmişdim

o rütbədə, o çində,

Azmış bir yolçu kimi dolaşırdım içində..

Pərvanələr dayanma

özünü yandır dedi..

Bir də kim isə sanki, hər şey bu andır dedi..

O gün əlim titrədi,

o gün ayağım əsdi,

Gördüm elə o qızdı, gördüm elə o səsdi.

Bilirdim ki, çətini,

çətini, başlamaqdı.

"Suyunu", "kartofunu", "ətini" başlamaqdı..

Vaxtın evi yıxılsın elə uçub gedirdi.

Bir saat əvəzinə

beş-altı kub gedirdi..

Əvvəlcə sən danışdın şərait belə gəldi.

Yoxsa mənə qalsaydı-

örkən, it, belə gəldi..

Bir ömürlük yol getdim o gün səndən-sənəcən.

Dedim bəlkə oturaq

qaranlıq düşənəcən.

Dedin yox, o qədər yox..Bu günlük bu qədər bəs.

Sənə yaxşı yol dedi içimdə hönkürən səs..

İndi ayaqlarımı alıb ağır yük kimi

o yerə daşıyıram.

Səninlə ilk görüşü təzədən yaşayıram.