Saqif  Qaratorpaq - Çox gözlədin,çıxmadı qanadların,uçasan

Ədəbiyyat 13:28 / 06.05.2026 Baxış sayı: 192

Çox gözlədin,çıxmadı qanadların,uçasan,

Yüyürüb bir sevginin arxasınca yıxıldın.

Bir yetim bənövşəydi ümidin kol dibində,

Bir gecikən bahara göz açınca yıxıldın…

 

Sən demə yalan imiş div də,qızıl alma da…

Eşitdiyin nağılın hamısı boşa çıxdı.

İçib göz yaşlarını dərdin elə böyüdü,

Çoxu küsənib dedi,bəxtəvər dağa çıxdı.

 

İndi özün tutuşub öz oduna yanırsan,

Bir əlçim bulud da yox,qəzəbini soyuda.

Dərdini danışmağa bir uçuq divar da yox,

Axı uşaq deyilsən,səni kimsə ovuda.

 

Bəs kimə üz tutasan,kimə gileylənəsən?

Dünya çoxdan beləymiş, vəfasız çıxdı hamı…

Deyirdi “qayıdacam” o zalım balası da…

Gedənlər geri dönmür,yollar udur adamı.

 

Nə gələn var,nə gedən…durnalar köçüb gedir.

Qapını külək döyür,pəncərəni yağışlar…

Sən onun günahından ürəyində keçmisən,

Nə ola,dönüb deyə bircə dəfə “bağışla...”