ŞAGİRD--MÜƏLLİM MÜNASİBƏTLƏRİNİN ƏHƏMİYYƏTİ
Şagird-müəllim münasibətləri təhsil sisteminin ən mühüm və həssas sahələrindən biridir. Bu münasibətlər yalnız dərs prosesinin təşkili ilə məhdudlaşmır. Eyni zamanda insanın mənəvi və psixoloji inkişafına ciddi təsir göstərir. Məktəb yalnız bilik verilən məkan deyil. O həm də şəxsiyyət formalaşdıran bir mühitdir. Bu mühitdə əsas rolu isə müəllim və şagird arasında qurulan münasibətlər oynayır.
Müəllim cəmiyyətin gələcəyini formalaşdıran əsas simalardan biridir. O yalnız kitab bilgisi öyrətmir. Həm də həyat dərsi verir. Davranış qaydalarını, əxlaqi dəyərləri və məsuliyyət hissini aşılayır. Şagird isə bu təsirin birbaşa daşıyıcısıdır. O müəllimin münasibətini, danışıq tərzini və davranışını nümunə götürür. Buna görə müəllimin hər bir addımı düşünülmüş və məsuliyyətli olmalıdır.
Şagird-müəllim münasibətlərində sevgi və anlayış əsas yer tutur. Müəllim şagirdə qayğı ilə yanaşdıqda şagird özünü dəyərli hiss edir. Bu hiss onun dərsə olan marağını artırır. O öyrənməyə daha həvəsli olur. Sərbəst düşünməyi və fikirlərini ifadə etməyi bacarır. Əgər müəllim şagirdə qarşı laqeyd və ya sərt davranarsa bu, şagirdin daxilində qorxu və inamsızlıq yaradar. Nəticədə o öz potensialını tam ortaya qoya bilməz.
Bu münasibətlərdə qarşılıqlı hörmət mühüm rol oynayır. Şagird-müəllimə hörmət etməli və onun zəhmətini qiymətləndirməlidir. Müəllim isə şagirdi şəxsiyyət kimi qəbul etməlidir. Onun fikirlərinə dəyər verməlidir. Şagirdi dinləmək və anlamaq müəllimin əsas vəzifələrindən biridir. Çünki dinlənilən şagird özünü önəmli hiss edir. Bu isə onun özünə inamını gücləndirir.
Ədalət prinsipi də bu münasibətlərdə xüsusi əhəmiyyət daşıyır. Müəllim bütün şagirdlərə eyni münasibət göstərməlidir. Ayrı-seçkilik etməməlidir. Hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Çünki hər bir şagird fərqli qabiliyyətə malikdir. Müəllimin vəzifəsi bu qabiliyyətləri üzə çıxarmaqdır.
Şagird-müəllim münasibətləri təkcə məktəb çərçivəsində qalmır. Bu münasibətlər insanın gələcək həyatına da təsir edir. Müəllimin bir kəlməsi bəzən şagirdin həyat istiqamətini dəyişə bilər. Onun verdiyi motivasiya şagirdin uğur qazanmasına səbəb ola bilər. Bu baxımdan müəllim yalnız öyrədən deyil. O həm də ilham verən bir şəxsdir.
Müasir dövrdə texnologiyanın sürətli inkişafı təhsil sisteminə də təsir göstərir. Şagirdlər informasiya ilə daha çox təmasda olur. Lakin bu, müəllimin rolunu azaltmır. Əksinə onun məsuliyyətini daha da artırır. Müəllim şagirdlə düzgün münasibət quraraq onu doğru istiqamətə yönləndirməlidir. Texnologiya məlumat verə bilər. Lakin insani münasibəti əvəz edə bilməz.
Şagird-müəllim münasibətləri sağlam olduqda məktəbdə müsbət mühit yaranır. Şagirdlər dərsə maraqla yanaşır. Özlərini sərbəst ifadə edirlər. Bu isə ümumi təhsil səviyyəsinin yüksəlməsinə səbəb olur. Sağlam münasibət həm də intizamın düzgün qurulmasına kömək edir.
Nəticə etibarilə,
şagird-müəllim münasibətləri təhsilin əsas dayaqlarından biridir. Bu münasibət nə qədər sağlam və səmimi olarsa nəticə bir o qədər uğurlu olar. Müəllimin sevgisi, ədaləti və diqqəti ilə formalaşan şagirdlər gələcəyin savadlı, məsuliyyətli və vətənpərvər insanlarına çevrilir. Bu səbəbdən bu münasibətlərin qorunması və inkişaf etdirilməsi hər bir cəmiyyət üçün vacib və əvəzolunmazdır.
Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi.
Filoloq. Ədəbi təhlil-tənqidçi. AJB-nin üzvü. Yazar-publisist
05.05.2026