Bəhruz  Niftəliyev - Elə bil sezdiyim yalanın

Ədəbiyyat 21:35 / 15.03.2026 Baxış sayı: 164

Elə bil sezdiyim yalanın

“Sevdiyim sən”ində qalmışam.

Kapitan kimi hamını xilas edib,

Batacaq gəmimdə qalmışam.

Bütün sevinclərim çıxıb gedib,

Mən elə qəmimdə qalmışam!

Elə bil… elə bil… qocalmışam?..

Gedimmi?

Edimmi sənə bir yaxşılıq?

Unudasan çoxdan daddığın dad kimi,

Dağıtdığın dağ kimi…

Qopummu dilindən sonuncu imdad kimi,

Gedim həyatından sıravi adam kimi,

Rahat olsan!

Elə bil canıma qorxu düşüb,

Yadıma qoxun…

Gözümdən çoxu düşüb.

Sən qal deyə

Gedim…

Kədərlə örtmüşəm təbəssümünü,

Kədərlə öpmüşəm…

Sən gül deyə

Gedim…

Mən sənə əzab çəkdirirəm,

Qaranlıq kimi çökdürürəm ruhunu.

Mən səni öldürürəm, öldürürəm, əzizim,

Yaşa deyə

Gedim…

Edimmi sənə bir yaxşılıq?

Edim!

Əlvida!

15.03.2026