Ramiz Qusarçaylı - Səni ağlamağa vaxtım olmadı

Ədəbiyyat 09:57 / 15.03.2026 Baxış sayı: 285

 

Bu gün babamın adını daşıyan böyük qardaşım, ADU-nun fizika-riyaziyyat fakültəsini bitirib Bakıda, və Qubanın bir neçə kəndində uzun illər ərzində müəllim vəzifəsində işləyən əziz qardaşım Ziyadın vəfatının beşinci ildönümüdür. Ziyad 2021-ci ildə pandemiyanın qurbanı olub. Ruhu şad olsun...

Qardaşım Ziyadın xatirəsinə

Sındıra bilmədim azar daşını,

Səni ağlamağa vaxtım olmadı.

Sarılıb ağladım məzar daşını,

Səni ağlamağa vaxtım olmadı.

Ağladım sinəsi dağlı evini,

Yasında qapısı bağlı evini,

Qaralı evini,

ağlı evini...

Səni ağlamağa vaxtım olmadı.

Bağında hıçqıran gülü ağladım,

Üstündə üşüyən tülü ağladım,

Havalı ağladım,dəli ağladım...

Səni ağlamağa vaxtım olmadı.

Dərdimi bir daha qoxladım o gün,

Ahımı göylərə bağladım o gün,

Bir az da özümü ağladım o gün

Səni ağlamağa vaxtım olmadı.

Oğlunun toyunu görmədin,qaldı,

Nəvə nübarını dərmədin,qaldı,

Yarımçıq divarı hörmədin,qaldı

Səni ağlamağa vaxtım olmadı.

Sən orda çəkirsən qəbir əzabı,

Mən burda çəkirəm min bir əzabı,

Ən ağır əzabdır səbr əzabı...

Səni ağlamağa vaxtım olmadı.

Kim bilir,kim yatıb,kim oyaq,qardaş,

Fələk çoxdan sayıb,nə sayaq,qardaş,

Qayıt gəl,bir yerdə ağlayaq,qardaş,

Səni ağlamağa vaxtım olmadı.