Sevil Azadqızı - BİR ƏLVİDA BƏS ETDİ?
Daha gecdir, əzizim, köks ötürmək,
ötən günü ha səslə,
Geri dönən deyil ki,
xahiş göndər bir kəslə.
Xatirəsi bəs eylər,
dərdini böldürməyə,
Bir əlvida bəs etdi,
bir eşqi öldürməyə?
Ağlaya da bilmədik,
ayrılığın vayına,
Bağrımıza sıxıb daş,
sakitcə çıxıb getdik.
Əlimdən də tutmadın,
sarılmadın son dəfə,
Həsrətlə dönüb baxdıq,
İllərin o tayına.
İndi bildim beləymiş, ayrılığın acısı,
Söküb viran qoyasan, gərək ki yaddaşını.
Baxdıq səssiz-səmirsiz,
geriyə yoxdur dönüş,
İçimizə yağdırdıq gözümüzün yaşını.
Bir bəhanə uyduraq,
bəlkə bir səbəb tapaq,
Varmı görən bir ümid,
ötən günə dönməyə?
Necə edək, qoymayaq
bu ocağı sönməyə?
Aldadaq özümüzü, üfürək yansın deyə.
Bəlkə, bir də alışa, ürəkdə külün altda
Hələ közərən ocaq...