Saqif  Qaratorpaq - Ən kədərli vaxtın şəkli...

Ədəbiyyat 11:13 / 05.05.2026 Baxış sayı: 179

 

İçinə su dolan gəmi kimiyəm,

Elə qərq olmuşam ümidsizliyə.

Qəfil yıxılmışam arzularımdan,

Daha bircə kimsə yetməz köməyə.

 

Tufanlar qabartmaz ağ yelkənimi,

Mənə yoldaş olan yellər susdular.

Yolumu gözləyən gözlər yoruldu,

Arxamca əl edən əllər susdular...

 

Mənsiz qəribsəməz bir doğma liman,

Adım bir sahilin yadından çıxar.

Ürəyim bir qara qutudan betər,

Yanmış xatirələr altından çıxar.

Ömür bir səfərdi,bitər nə vaxtsa...

Yalan elə şirin, həqiqət acı.

Mən elə ölmüşəm biganəlikdən,

Daha təsəlliyə yox ehtiyacım.