“Labirint”: “Niyə fikirlisən?” – İmamverdi İsmayılovun əks-səda doğuran əsəri haqda düşüncələr

YAZARLAR 13:11 / 25.05.2026 Baxış sayı: 363

Qarşıma qəfil çıxmışdı. Elə bil göydən düşdü...

- Nə olub, fikirlisən?!.

Yanında yaşlı bir adam vardı. Ağ saçlı, dümağ bığları. Gülümsəyirdi. pizza hut

“Heç..” dedim, keçib getdim.

Bir anlıq qırılan düşüncələr davam edir.

...Axı o hardan bilirdi ki, bir vaxtlar bulvara əylənməyə, xoş vaxt keçirməyə, romantika üçün gedən mən, indi tamam başqa niyyətlə gedirəm. İnsanların gur olduğu vaxtda yox, əl-ayaq çəkiləndən sonra. Zamanı unudurdum, beynimdə ağır yükü o başa-bu başa daşıyırdım. Bəzən səhərə kimi, bəzən ayaqlarım sözümə baxmayanda dayanırdım. Amma bunu ona kim demişdi?

- Nə yaman fikirlisən?

Yenə qarşıma çıxdılar. Tamam başqa bir yerdə, üstündən dəqiqələrmi keçmişdi, saatlarmı bilmirəm. Bura tamam başqa bir küçə, başqa bir yer idi. Ağsaçlı kişi yenə gülümsəyirdi.

Yenə də “heç...” deyib keçib getdim. Dayansaydım, başqa cavab versəydim, söhbət uzanacaqdı. Mənsə düşüncələrimi dağıtmaq istəmirdim.

“Yaxşı ki, sabah nə olacağını və nə baş verəcəyini qabaqcadan bilmirik...” Addımlarım sürünür, düşüncələr ağırlıq edir bədənimə. Susamışam. Köşkdən su alıram... “...köşkdən su alıb içmək istədi ki, toxtatsın özünü. Baxdı ki, vitrin bomboş, axırına çıxıblar, yəqin onun kimi yanğısı olan çoxdu bu məhəllədə”. Yox, mən su aldığım köşkdə su qalaq-qalaq idi. Doyunca içdim, özümə gəldim. Addımlarım eyni ritmlə məni binanın qarşısına kimi gətirdi. Lift açılanda yenə də həmin adam. Yanında da ağsaçlı kişi. Elə bil o ağsaqqalın üz quruluşu gülüş formasında idi. Adamı qıcıqlandırmayan, əksinə ürəyinə yapışan bir siması vardı. O birinin də sanki bildiyi başqa sual yox idi...

- Nə yaman fikirlisən?!.

***

Axı onlar hardan bilsin ki, “Labirint”dəyəm...

İmamverdi İsmayılovun ilmə-ilmə toxuduğu labirintin harasında idim, özüm də bilmirdim. Labirintdə nə qədər yol gəldiyini bilirsən, amma nə qədər yolunun qaldığını heç kahin də bilməz.

Bu “Labirint” istənilən labirintdən o qədər mürəkkəbdir ki, çıxmaq mümkün deyil. Giriş var, çıxış yoxdur. “Qapılar aralı, pəncərələr ciftəli. Gəlməyə yol açıq, getməyə bağlı...”

Bəlkə də çıxmamaq lazımdır, bəlkə də insanı həyatda saxlayan bu labirintdir.  Çıxdınmı, hər şey mənasızlaşa bilər, boşluqda qalarsan.

Ola bilsin ki, labirint həyat qazandırır, amma axı bəzən “axtara-axtara qoruya bilmədiklərimizi də itiririk...”

***

Elə əsərlər var ki, mən onu oxuyanda həm də həmin obrazları yaşayıram. Məsələn, Raskolnikov  Alyona və Lizaveta İvanovnaları öldürməyə gedəndə mənim də əlimdə balta vardı...

İmamverdi İsmayılov “Labirint”də yaratdığı obraza ad verməyib. Niyə? Məncə ona görə ki, əslində o obraza bir çoxumuz öz adımızı yaza bilərik. Hisslər, düşüncələr eynidir. Dumanda hamı eyni görünür. İmamverdi müəllim də bizi, hamımızı, labirintin döngələrində fırlanıb qalanların psixoloji durumunu o qədər dəqiq təsvir edib ki...

Axı o hardan bilir ki, 15-ci mərtəbədə dayanıb aşağı baxan insanlar hansı hissləri keçirir? Hardan?..

“Həyat, dövran, yaşamaq, şan-şöhrət, ad-san, qazanc həvəsi - yaxşı şeydi, ancaq heç kim durduğu yerdən yenmək, çəkilib getmək, onu geriyə qaytaran yola yolçuluq etmək istəmir. Ya elə, ya belə...“. Heç kim... Heç kim 15-ci mərtəbədə dayanıb sonuncu addımını atmaq istəyən adamı anlamır. Heç kim ona “keçdi...” deyib, əlindən tutmaq istəmir. Çünki, “həyatın öz düsturu və riyazi cədvəli var: topla, çıx, vur, böl - ağıllı varlıq üçün yaşam ritmləridi bu, kaş düzgün hesablaya biləsən...”

***

Kimin ayağının altından yer qaçıbsa, ədib bu psixoloji “Labirinti” onlar üçün yazıb. “Ayağının altından yer qaçanda sən hara qaçacaqsan?!”... Bu cümlənin sonuna bir “ay yazıq” xitabı da əlavə etmək olardı. İnsan düşüncələrini yoran, didən suallar, fikirlər bu povestdə adamı sonsuzluğa aparır. Üzləşdiyin yalanlar, dəyişən sifətlər, itirilən zamanlar... Hər şey bir-bir beyninin içində sürətləndirilmiş kadrlar kimi fırlanır. Barmaqlarının arasında siqaret dırnaqlarını yandırır, hiss etmirsən. Beyin maksimum sürətlə düşünür, bədən keyləşir.

Özünü aldatmaq... Ümid etmək... Morqan Frimanın məşhur filmində dediyi kimi: “Ümid təhlükəlidir. İnsanı dəli edə bilər...”

Yazıçının yaratdığı obraz da elə bu seçim qarşısındadır. Qalsa, dəli olacaq, getsə, hər şey bitəcək. Ona deyilən yalanlardan da yorulub, özünün özünü aldatmasandan da. “Dediyin yalan vərdişə çevriləndə dəhşətli olar, ağır fəsadlar yaradar. Və qondardığı yalana inanan kəs əslində özünü də, səni də aldadar. Yalanın qalanı olmur ki!?.”

Bəlkə də getmək yaxşıdır, ona psix  adı qoyulmamış, mənliyini itirməmiş, hörməti ayaqlar altına düşməmiş.

Ya da “yaxşısı budu ağzını yumasan və cəhənnəm olasan evinə!”. Ətrafa oxşayasan, uyğunlaşasan onların vecsizliyinə...

***

İmamverdi İsmayılov bizim dilimizdə yazır. Elə danışdığı kimi, danışdığımız kimi. Onun yazdığı cümlələri iki dəfə oxumağa ehtiyac yoxdur. Anlaşılmayan heç bir cümlə qurmur. Elə yazır ki, onu akademik də oxuyanda, traktorçu da oxuyanda eyni cür qavrayır. Müəllifin özünün də qavradığı kimi.

“İlahi! Şər gördüklərimizdə xeyir, xeyir gördüklərimizdə şər var. Sən bizə xeyirlisini qismət elə, ya Rəbbim!..”

Dualarsa hər zaman gerçək olmur. Onlar bizi həyata bağlayır, amma həyat bizə dualarda istədiklərimizi deyil, reallıqları təqdim edir.

***

Hər adamın mütləq bir evi olmalıdır. Hər adam yorulanda “evinə, soyuq mənzilinə çatıb, divana uzanmaq, hövrünü almaq istəyir”. Bunu kim istəməz ki?!.

Amma özünü öz mənzilindən boşluğa buraxan adamlar da var axı. Ayağını bir boşluqdan götürüb, o biri boşluğa atanlar.

“...15 mərtəbəli, yel çəkib uğuldayan vahiməli bina...

Hər şey sabun köpüyü, qara yel kimi bir andaca əriyir: bu nədi, uşaqlar hanı, nə dəstə, nə rəqs, nə tonqal... Heç nə, heç nə yoxdu. Acı qəhər boğur onu, göz yaşları sellənir...”

“Labirint” insanın öz iç dünyasında itib qalanların ağırlığını oxucunun çiyinlərinə elə yükləyir ki, o yükdən asanlıqla xilas olmaq çətin görünür. Düşündürücü bir əsərdir. Suallara cavab yoxdur. Bu suallara bu həyatda kim cavab verə bilər ki? Və yazıçının üstünlüyü də elə bundadır: Cavab yoxdur, özün düşün... Labirint bizim içimizdədir, yolu hər kəs özü tapmalıdır.

“Görəsən, burdan oracan, onun göz yaşları səpilən və üzünə kəfən çəkilmiş o nəm torpağacan neçə metr olar?..”

Elnur Məmmədli

yenisabah.az