Ayaz Arabaçı - Bir ömür hekayəm var.

YAZARLAR 13:29 / 25.05.2026 Baxış sayı: 383

Hekayəmizə davam..

3 -cü  hissə

Məktubu asta-asta açdım. Elə ehtiyatla davranırdım ki, sanki bir az bərk toxunsam, dağılıb ovulacaqdı .. Qat yerləri saralmışdı. Amma yazılar əvvəlki kimi canlı idi.. Oxumağa başlamazdan əvvəl başımı qaldırıb qapıya tərəf baxdım. Evin xanımı mətbəxdə qurdalanırdı. Qab-qacaq səsləri gəlirdi. O səslərdən hiss olunurdu ki, hələ bir müddət mətbəxdən çıxmayacaq. Düzdür, üstündən otuz neçə il keçmiş bir sevgi məktubu artıq elə də təhlükəli sayılmazdı. İnsan bu yaşda nə gizlədə bilərdi ki?.. Amma yenə də qadın ürəyidi..Nə bilmək olar..

Qısqanclığın büruzə verməsə də, isti ocağını qorumaq üçün səssizcə alışıb yanmağı var. Bir baxışıyla fırtına qoparar içində,amma dodaqları susqun qalar. Kişi bəzən anlamaz o dərin səssizliyi, Qadın isə susaraq savaşar sevgisiylə. Qadın, sevdimi, tam sevər.. Bir evin işığında ömrünü əridər, Bir kişinin yorğun taleyinə öz gülüşünü sərər. Gecələr hamı yatandan sonra tək qalar . Əllərinin təravəti ütülərdə,fincanlarda, boşqablarda yox olar, Fikirləri isə uzaqlara gedər… Sonra yenə səhər açılar, Üzünə təbəssüm qoyar.. Heç nə olmamış kimi çay süzər, süfrə açar.. Onlar sevgini hər zaman hərəkətlərində ifadə edər., Bəzən sadəcə gözləyər… Bir diqqət, bir söz, bir istilik üçün. Və ən çox da soyuyan baxışlardan qorxar qadın. Çünki qadın üçün sevgi təkcə “sevirəm” demək deyil, yadına düşməkdir, soruşulmaqdır, hiss edilməkdir. Bir qadın susursa, bu hər şeyin bitdiyi anlamına gəlməz. Bəzən ən böyük vulkanlar ən sakit qadınların içində baş verər. Amma yenə də qəribədir qadın ürəyi… Qırılar, bağışlayar. Ağlayar, gizlədər, bir şirin sözə bütün küskünlüyünü unudar. Çünki qadın sevdimi evi də sevər, adamı da, xatirəni də… Hətta özünü incidən sevgini belə..

Deyəsən mətləbdən çox uzaq düşdüm.Eybi yox ,yazıçının bir işi də oxucunu nigaran qoya bilməkdir.

Bir sözlə hər bir qadın çoxdan sönmüş bir xatirənin külündə belə gizli qığılcım axtarır.

Bilirdim, məktubu görsə, heç nə deməz. Bəlkə sakitcə gülümsəyər də. Amma o təbəssümün dərinliyində mütləq balaca bir nigarançılıq əsintisi dolaşar. Çünki qadınlar keçmişlə yarışmağı sevmirlər. Xüsusən də kişinin unutmadığı keçmişlə... Məni isə o anda nə xəyanət düşündürürdü, nə də gizlin bir həsrət. Sadəcə ömrümün uzaqda qalmış bir parçasına toxunurdum. Gəncliyimin, dəli-dolu çağlarımın, hələ həyatın nə olduğunu tam bilmədiyim illərin səsinə qulaq verirdim.

Məktub hələ də əlimdə idi. Amma mən artıq onu oxumurdum. Gözlərim kağızın üstündə qalsa da, xəyalım çox uzaqlara gedib çıxmışdı. Məktubun ilk sətirini oxumağım kifayət etdi ki, illərin tozu altından bütöv bir həyat qalxsın ayağa. Mən onunla ilk tanışlığımıza qayıtmışdım... Universitetə yenicə qəbul olunmuşdum ki, əsgərliyə apardılar məni.

Qorbaçov gorbagor belə bir fərman imzalamışdı ki,ali məktəb tələbələri əsgərliyə çağırılsın.Mən əsgərlikdən qayıdandan sonra həmin fərmanı ləğv etdi.Bu mənfur adam həmişəlik lənətli fiqur kimi xatırlanır.

O hakimiyyəti dövründə Qarabağ münaqişəsini alovlandırdı və hadisələrə qarşı zəif,qeyri-ədalətli və ziddiyyətli mövqe tutdu.Yəni xalqımıza Qarabağ sorunu yaratdığı üçün lənətə layiqdir.

Mən də minlərlə gənc kimi tələbə biletimi sandığa qoyub əsgərliyə getdim. Əsgərlikdən qayıdanda isə hələ evimizin havasına alışmamış məni Universitetdən Tələbə İnşaat Dəstəsi ilə Rusiyanın dərinliklərinə göndərdilər. Saransk şəhərinə... Moskvadan düz beş yüz on dörd kilometr uzaqlığa. Qatar günlərlə gedirdi. Pəncərədən görünən meşələr, sonsuz çöllər, balaca stansiyalar bir-birini əvəz etdikcə anlayırdın ki, doğrudan da evdən uzaqlaşırsan.Mən onsuz da evdən uzaq qalmağa adət etmişdim.Və iki il Novosibirskdə rus mühitinə alışmışdım.

Saransk bizi boz səması ilə qarşılamışdı. Şəhərin üstündə qəribə bir sakitlik vardı. Yay idi, amma havada payızın nəfəsi dolaşırdı. Küçələrdə köhnə sovet binaları uzanıb gedirdi, bir-birinə bənzəyən yataqxanalar, zavod boruları, uzaqdan eşidilən qatar fitləri... Axşamlar isə şəhərin üstünə qəribə bir kədər çökürdü. Günəş asta-asta qırmızımtıl buludların arasına girəndə Saransk tamam başqa şəhərə çevrilirdi. Biz tələbələr səhərdən axşama qədər tikintidə işləyirdik. Əllərimiz sement iyi verirdi. Gecələr bizə ayrılmış yataqxananın dar otaqlarında yorğun halda uzanıb mahnı oxuyur,anikdot danışır, gələcəkdən dəm vururduq.Hamımız gənc idik.Elə bilirdik ki, həyat hələ qabaqdadır və bizi yalnız gözəl günlər gözləyir. Mən Lenanı da ilk dəfə elə o şəhərdə gördüm