Uzaqlara gedən qatar - Əlizadə Nuri
Ədəbiyyat
11:23 / 25.05.2026
Baxış sayı: 102
Uzaqlara gedən qatar,
Bu yorğun səsimi apar.
Vaqonlarda soyuq olar-
İsti nəfəsimi apar.
Kim qalıb ki, nə istəyəm?
Eşqdən ianə istəyəm.
Ölümə həvəs üstəyəm
Götür həvəsimi apar.
Ağ gün gəzdim qara xalda,
O nə halda, mən nə halda.
Darıxıram bu vağzalda
Mənim qəfəsimi apar.
...Uzaqlara gedən qatar,
Salam söylə uzaqlara.
Halımı soran tapılsa,
Söyləmə ki,"yaxşı deyil"
Yalan söylə uzaqlara...