Sərraf Şiruyə - İNCİMƏ
Şair qardaş, bu yerləri gəzəndə,
Yollarına duman çöksə, incimə.
Ocaq çatsan göy talada bir səhər,
Şimşək çaxıb, leysan töksə, incimə.
Ormanlara çətir tutan göy meşə,
Gözəllikdə göz olubdu həmişə.
Boynuburuq, ömrü gödək bənövşə
Xəyalını dağa çəksə, incimə.
Ətrini aləmə yayar yasəmən,
Cənnəti-rizvana dönəndə çəmən.
Yay günündə qəfil gələn duman, çən,
Yapıncıya səni büksə, incimə.
Nura qərq olanda göy biçənəklər,
Bulağın üstünə gələr mələklər.
Axşam-səhər əsən xəffif küləklər
Tellərinə daraq çəksə, incimə.
Seyr eyləyib güneyləri doyunca,
Arzun üçün çiçəklərdən tut xonça.
Qayıdan baş bir nazənin arxanca,
Su çiləyib, boynun büksə, incimə.
Şiruyəyə neçə ceyranbaxışı
Bəxş eyləyib dürlü-dürlü naxışı.
O gözlərin ulduz kimi axışı
Sinən üstə qəmlər əksə, incimə.
1981-ci il Gədəbəy.