Ehtiram İlham - Tanrım
Ədəbiyyat
09:44 / 25.05.2026
Baxış sayı: 211
Bu dərd deyiləsi deyil,
Sözündən böyükdü, Tanrım.
Bir bəxti şeytan ki, cızıb,
Yazından böyükdü, Tanrım.
Nələrə çatdı qüdrətin,
Gözü çıxıb həqiqətin.
Neyləsən də, qəbahətin
Üzründən böyükdü, Tanrım.
Belə ki qurdun aləmi,
Elə buymuşsan, deməli.
Şahlıq döy, bir kasıb qəmi
Yüzündən böyükdü, Tanrım.
Qana döndü sabahların,
Fəryadı bitməz ahların.
Bu Allahsız günahların
Özündən böyükdü, Tanrım...