Fərhad Tapdıqoğlu - Hamımızın son mənzili torpaqda bir kiçik yerdi,o da...
( qısa hekayə)
Əfqan dünyaya göz açdı.Qucaqda gəzdi.Anasının qucağı onun üçün ən isti yer-di...
İməklədi Əfqan.Yer-imək istədi.Anası onu buraxıb dedi:
--- Yer-i di...
Yer-idi...yıxıldı...qalxdı...yeridi...yüyürdü...yıxıldı...qalxdı...yer-idi...
Yer-idi, məktəbə getdi Əfqan.Məktəb onların evlərinə yaxın idi,yaxın yer-di...
Amma sinif otaqları balaca idi,balaca yer-di.
...Əfqan böyüdü,orta məktəbi bitirdikdən sonra sənət öyrənmək üçün rayon mərkəzinə getdi.Əvvəl maşınla ,sonra isə bir az piyada,yer-idi getdi...
...Əfqan peşə məktəbini bitirdikdən sonra kəndlərinə qayıtdı.
Kəndləri çox mənzərəli kənddi,yer-di.
Kəndlərində torpaqların çoxu məmurların idi,onların yer-iydi...
...Bir gün Əfqanın otardığı mal -qoyun məmurun sahəsinə, yer-inə girdi.
Məmurun adamı ona qıjandı, üstünə yer-idi,onu vurdu.Əfqan gicəlləndi...başı yer-ə dəydi...ağaclar,evlər,dərələr ...üstünə "yer-idi"...
Əfqan şikayət elədi.Ona dedilər ki,"get...get bala, boş torpaq sahəsi tapsan orada otar heyvanları,tapmasan əgər sat getsin onları...Bu torpaqlar "o"nun yer-idi..."
Əfqan boş otlaq sahəsi tapmadığından heyvanları dəyər-dəyməzinə satdı,birdəfəlik çıxdı gəldi Bakıya...
...Uzun illər məmur işləyən o adamı nəhayət ki,işdən uzaqlaşdırdılar...
O keçmiş məmurun xarici dövlətlərdəki biznesini övladları idarə edirdi.Getdi onların yanına...
...İndi həmin yer,həmin torpaq yuxarılarda oturanlardan kiməsə verilib,onun yer-idi...
İndi kənd camaatı deyir ki,bu torpaqlar vaxtilə "filan məmurun" yer-iydi...
Hamımızın son mənzili torpaqda kiçik bir yer-di.O da kimə qismət ola,ya olmaya...
...Kəndlilərin torpağını,yer-lərini əlindən alıb, "özününküləşdirən" ,işdən çıxarılandan sonra xaricdə keyf çəkən həmin o "keçmiş məmur" deyirlər ki,təbii fəlakət nəticəsində itkin düşüb... Əbədi mənzili,yer-i yoxdur...
Bəlkə də onu elə vəhşi heyvanlar yeyib...
...Əfqan isə Bakıda fəhləlik edir.Bir balaca evdə, bir kiçik yer-də yaşayır.Heç ailə də qurmayıb...
Əfqanın kəndləri üçün burnunun ucu göynəyir...Amma neyləsin ki,kəndin bütün torpaqları "yuxarıda" əyləşib idarə edənlərdən kimlərinsə yer-idi...
P.S.Mən də hamımızın bildiklərimizi ,gördüklərimizi ,yaşadıqlarımızı qısa şəkildə yazdım.
Zənnimcə yazmağın yer-i vardı...elə yer-iydi...