“Bu aparıcılar həbs edilməlidir...”- Şeyx Əbdül “od püskürdü”

MÜSAHİBƏ 14:29 / 27.10.2023 Baxış sayı: 3622

“Çıxodka adamlar həmişə onun-bunun qabına tüpürür ki, hamı onun kimi çıxodka olsun. Bu gün kimin ailə vəziyyəti ağırdısa, oxumağa başlayır. Hərə bir mikrafon götürüb, dar paltar geyinib, yanını baldırına qədər cırıb, arxasını, sinəsini şişdirib, döymə etdirib efirə çıxır”

Yenises.az bildirir ki, bunu Adalet.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül televiziya kanallarının fəaliyyətini sərt şəkildə təndiq edib:

“Gənclərimiz də bunlardan örnək götürür. Həmişə yüngül həyat tərzi maraqlı, cəzbedici olur. Mən bu televiziyaçılara səslənirəm, qəsdiniz, qərəziniz nədir, bu xalqı nə günə qoymaq istəyirsiniz? Bu müğənniləri toyuna çağırıb yarım saatına 5-10 min verən adamları da qınayıram, onların da əxlaqına, mənəviyyatına şübhə ilə yanaşıram. Bu millətin min illər qədər  dünyaya bəs olacaq əxlaqı, mənəviyyatı, dəyərlər sistemi var. Sosial şəbəkələr ortaya çıxandan sonra millətin çirkabının hamısı üzə çıxdı. Əxalqını, abrını gözləyən adamlar utandıqlarından kənara çəkiliblər, əllərində də elə bir imkan yoxdur. Televiziyalar isə başlarını açıb pul qazanırlar. 

Bu televiziyalar, dəyərlərimizi, əxlaqımızı, milli-mənəviyyatımızı heç olmasa həftədə bir-iki saat efirdə təbliğ etmir. Mənəviyyatsız, əxlaqsız, əttökən reklamları efirə vermək üçün növbəyə düzülüblər. Ağzında sözünü kəsib ortaya reklam verirlər. Nə qədər bu həkimləri, ev tikənləri, “poroşok” satanları reklam edəcəklər?! Bu televiziyalara dövlət səviyyəsində qadağa qoyulmalıdır. Azərbaycanda nə qədər gülməli, oynayan artist var. Bura lap başdan-başa artistlər ölkəsidir. Ağızlarına gələni danışırlar, hərəkəti edirlər”.

Xalq artisti bununla bağlı maraqlı təklif də edib:

“Ona görə də təklif edirəm ki, “televiziya və əxlaq polisi” yaradılsın. Ora o mühitdə olan bir adamı yaxın buraxmaq lazım deyil. O saqqallı gedələri, əndamlı qızları efirə çıxaran aparıcılar da həbs edilsin. Həm də aparıcılardan Azrbaycan dilinin qrammatikası ilə bağlı imtahan götürülsün və görək onlar mübtədayla xəbərin yerini bilirlərmi?!  Onlar Azərbaycan tarixini oxuyublarmı? 

Ayrıca bir reklam büro yaradılsın və orda vaxtlar təyin olunaraq reklamlar yayımlansın. 

Efirə çıxacaq, xalqla ünsiyyət yaradacaq eybəcər-eybəcər danışan adamlar ilk növbədə senzuradan keçsinlər. Senzura xalqın qoyduğu əxlaqdı, dəyərdir. Televiziyalar açıq-aşkar pul qazanmaqla məşğuldurlar. Dünyanın ən yaxşı yerində ən gözəl gəlir yeri televiziya və radiolardır. Sovet hökumətinin vaxtında televiziyada, radioda çıxış edib normal qonarar alırdıq. İndi bu əksinə dəyişib. Hamı bilir ki, bu manısları efirə pul alıb çıxarırlar. Sistem, plan yoxdur. 

Bir ictimai təşkilat təsis etmək lazımdır, nizam-intizam yaransın Azərbaycan musiqi mədəniyyəti və onların təbliği adında. Televiziyalar da qazandıqları milyonlardan həmin sənətkarlara pul versinlər. Onda sənət də, sənətkar da bəlli olacaq. Nə qədər efirdə eyni simaları görmək olar?! Bütün bu məsələləri dövlətin nəzarətə götürməsi vacibdir. 

Əgər belə olan təqdirdə onda görəcəklər bu şouçulardan qazanc götürə bilmirlər, çalışıb səviyyəli sənətçilər, tamaşalar, filmlər yavaş-yavaş efirə ayaq açacaq. Qazancın ünvanı yaxşıya doğru dəyişəcək”.