VAQİF  YUSİFLİ: - ƏDALƏT  ƏSGƏROĞLUNU   UNUTMURUQ

YAZARLAR 17:35 / 27.07.2025 Baxış sayı: 987

 Ədalət Əsgəroğlu (Məmmədov Ədalət Əsgər oğlu)1957 –ci  ildə Göyçay şəhərində anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra  BDU-nun filologiya fakültəsində (axşam şöbəsində) təhsil almışdır.Bir müddət  müxtəlif zavodlarda (neft-qaz, kimya) çalışmışdır. Ədəbi fəaliyyətə keçən əsrin səksəninci illərində başlamış, «Yaz ilən gələn sevda», «Göyçaydan başlanan ömür yolu», «Mən sənə aşiqəm, dünya!», «Özüm qürbətdə, gözüm Vətəndə», «Sabahını itirməyən adamlar», «Məmləkətim -canım mənim», «Yaşamağın dadı», «Dərdimizin qan rəngi» şeir və publisistika kitabları işıq üzü görmüşdür. Azərbaycan  Yazıçılar Birliyində mətbuat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2015-ci ildə vəfat etmişdir.

  Ədalət Əsgəroğlu elə ilk şeirlərindən öz fərdi yazı manerası, deyim tərzi, poetik düşüncə tərzi, hər hansı  əşyanı, cizgini mənalandırmaq xüsusiyyəti ilə diqqəti cəlb etdi. O, məlum mövzulara öz poetik naxışını vurmağa çalışır, şeirdə təzə söz demək üçün bədii təsvir vasitələrinə üz tuturdu.Onun  «Anama məktub yazıb dedim ki..» şeiri bir çox kitabında birinci şeir kimi verilir.  Bu şeir anaya məhəbbətin, Oğul-Ana sevgisinin poeziyada örnək nümünələrindən biri sayıla bilər:

    Yaşı ötmüş,

    Müqəddəs göyləri üzünə çəkmiş,

    Çiçək-çiçək ömür sürmüş,

    dünya görmüş

    Anam qarı.

    Dünyamın eyni açılmayıb hələ,

    Çiçəklərim çırtlamayıb hələ.

    Qardaş eylə, oğul eylə özünə

    Sabahını itirməyən adamları,

    Küçəmizdəki yaşıl, nəhəng çinarlar.

Ədalət Əsgəroğlunun şeirlərində Çinar obrazı ilə tez-tez qarşılaşırıq. Təbii ki, Göyçayda doğulan, bu şəhəri bürüyən-ona təbii gözəllik bəxş edən çinarları vəsf etməyə bilməzdi. Amma onun Çinar obrazı təkcə vəsf xarakteri daşımır,Çinar obrazı daha geniş mənaya malikdir.  «Ulu çinar, dədə çinar, xan çinar» şeirində o, ustad şair Rəsul Rzanın  «Belə məğrur dayanmağa haqlıyam, Mən kökümlə bu torpağa bağlıyam» misralarına üz tutur, kökü torpağa bağlı Çinarla  Rəsul Rza  ömrü arasında assosiasiya yaradır. Çinarları azadlıqordusunun əsgərləri kimi mənalandırır, Rəsul Rza da «ağ günlərin azadlıq şairi» adlandırılır.

 Ədalət Əsgəroğlunun  ən yaxşı şeirlərindən biri «Gülöyşə qarının  gülöyşə narı»dır.  Bu şeirdə Ə.Əsgəroğlu bir insanın-Gülöyşə qarının obrazını yaradır,Nar obrazı ilə onun ömrü arasında vəsilə yaradır. Onun həyətində oğlunun əkdiyi nar ağacı durur.

     Payız çiçəyidir Bənövşə qarı,

     Oturub sakitcəbaxırdı çölə.

     Tökülür yarpağıgülöyşə narın,

     Üstündə meyvəsi dururdu hələ.

 

     Küçədə oynayan dəcəl uşaqlar,

     Bu gülöyşə nara  sataşırdılar.

     O mələk uşaqlar, çiçək uşaqlar,

     Ağac atırdılar, daş atırdılar.

Şeirin sonunda Gülöyşə qarının niyə kədərli olması, oğlundan qalan yadigar nar ağacını görəndə  qəm=qüssəyə  dalması belə mənalandırılır:

      Hələ yaşanmamış günlər içindən,

      Hələ deyilməmiş sözlər içindən,

      Hələ dərilməmiş, hələ dəyməmiş,

      Meyvələr içindən,

      Baxır bu qarı-Qarabağ adlanan həsrətə sarı.

 

 Qarabağ mövzusu da Ədalət Əsgəroğlunun şeirlərində öz əksini tapır, o, «Qarabağlı partizan qız» şeirində  bir vətənpərvər azərbaycanlı qızının ölümünü təsvir edir. İyirmi yaşında əsir düşən bu partizan qız hər şeyi unudur-«Vətənindən başqa hər şeyi»! Onu güllələyirlər:

    Əmr verdi;

    Güllələnsin!

    -Güllələndi-

    Hava işıqlaşanda,

    dağların arxasından

    hamilə qadın kimi

    nazlı- nazlı qalxanda günəş.

    Güllələndi-

    ürəyində atəş,

    başında sevda,

    dilində mahnıf.

    Xalça üzərində

    göz oxşayan bir naxış kimi

    qızardı torpaqda qanı.

  Ədalət Əsgəroğlunun  «Dərdimizin qan rəngi» poeması  Xocalı  soyqırımının  on beş illiyinə həsr olunub. Poema konkret bir möazuya həsr olunsa da, hədəf daha genişdir. Burada Azərbaycan məmləkəti DƏRDİMİZİN  QAN  RƏNGİ  obrazında metaforikləşib. Qan burada Xocalıdan butün dünyaya yayılan fəryadın ahın, kədərin simvoludur. Qan burada tarixdir-bir məmləkətin  təklənməsi, səsinin, fəryadının boğulması, öz içində qərq olmasıdır. Ədalət Əsgəroğlu qan kəlməsinin doğurduğu bütün mənalara, metaforik çalarlara üz tutur.

     qanla dolu

     lap ləbələb…

     nə əcəb,

     dərd deyirlər buna?..

     Yox, oğlum, dərd deyil bu!

     Bu, müqəddəs bir can!

     can, can, can,

     Bir də, bir də Azərbaycan!

     Ortalıqda dumduru qan,

     axır, axır, axıracan.

     Xocalıdan Bakıyacan,

     Qan boyalı villalardan

     Cana doymuş çadıracan.

Bu təsvirdən sonra  Ədalət Əsgəroğu   poetik gücü zəiflətmədən  publisistik ahəngi qüvvətləndirir.  Dərdimizin iyə qan rənginə boyanmasının  səbəblərini açıqlayır. Aşıb-daşan  sərt etiraslar gəlir, bu etiraslar, əslində, ittihamlardır. Poeziyanın, bir şair ürəyinin etirazları.

     Milli Sərvət-

     -qanım mənim

     gah tıncıxan,

     gah üzülən canım mənim.

     Bu boyda qan..

     bu yolda can

     niyə olmur sənə qurban

     Azərbaycan!

     Sənə qurban Azərbaycan.

 Bu misralar  poemanın sonluğudur. Müəllif bir-iki xarakterik səhnə ilə  əsərin fəciliyini artıran  çalarları gücləndirir. Qızıl gülə bənzəyən bapbalaca  qızcığaz «qan-qan» deyib qışqırır. «Bu qızıl gül qönçədir hələ, sinəsindən qan fışqırır».  O bapbalaca qız xəyallarda böyüyür, qan içində öz qanının  arxasınca baxır, gəlib on beş yaşına çatır.İllər  keçir, Xocalı şəhidləri Qan Qiyafəsində  qapımızı döyürlər, bizi qisasa çağırırlar.

 Ədalət Əsgəroğlu Azərbaycan poeziyasında yaşanan  Qan obrazına  yeni qan verib desək, yanılmarıq. O, dərdimizin qan rəngini=Xocalı  faciəsini  poeziyamızın  qan rənginə çevirə bilib.

    Dərdin  qan rəngi…

    qan, qan, qan!

    Boya göy üzünü,

    Göy üzü bölünənəcən,

    Bürü yer üzünü

    bu sevda ölənəcən!

    Dünya yenidən doğulanacan!

Ədalət Əsgəroğlu ömrünün son illərində Yunis İmrənin, Mövlana Ruminin ürfani şeirləırindən təsirləınib özü də ürfani məzmunda şeirlər yazırdı.  Əlbəttə, müasir poeziyada Akif Səməddən, Məmməd Dəmirçioğlundan sonra Ədalət Əsgəroğlu da bu sahədə az-çox diqqəti cəlb elədi, Tanrı məhəbbəti, həqiqəıtə –Allaha qovuşmaq mərhələsi onun şeirlərində də əksini tapdı. «Yetiş imdadıma, gəl Xudam dedim».

 Ədalət Əsgəroğlu bir şair kimi öz sözünü dedi və getdi.. Amma unudulmadı.