Vahid Paşayev : - Taleh göylərdə yazılsa da...

...alın yazısını təyyarənin qara qutusundakı yazı ilə eyniləşdirmək səhv olardı.Çünki taleh göylərdə yazılır,onu silmək,yeniləmək insan bacarığı xaricindədir.Qara qutu isə yerdəkilər tərəfindən şifrələnir,lazım gələndə açılır,yazılar istəyə,arzuya uyğun dəyişdirilir.
...nişanlanmaq ərəfəsində hərbi komissarlıqdan çağırış alan oğlan vətənə borcunu vermək üçün hərbi xidmətə yollanmazdan əvvəl sevdiyi qıza ürək-dirək vermiş,tezliklə geri dönəcəyini vəd etmişdi.
...o gecə çox pis gecə idi.Qızın yerinə sanki qor dolmuş,yata bilmirdi.Gözlərini yuman kimi müharibə səhnələri yuxusunu qaçırırdı.Səhərə yaxın dəhşətli yuxu görən qız hövlənak yerindən qalxdı.O gün dan yeri də qan çanağına dönmüş,barıt qoxulu hava həddən artıq bürkülü olduğundan rahat nəfəs almaq müşkülə çevrilmişdir.Başlanan müharibə xəbəri qızı əldən saldı,başı gicəlləndi,gözləri qaraldı. Bu günə kimi bu halı yaşamamışdı qız.Düzəldi yolun ağına.Sevdiyi oğlanın yaşadığı məhləyə çatanda hönkürtü və ağlaşma səsinə bir anlıq ayaq saxladı,sakitcə dınşadı və tərpəndi.Gecə köynəyində,ayaqyalın,başıaçıq,uzun,qara,dağınıq saçları kürəyinə tökülmüş halda kəndin o başından gələn musiqi səsinə doğru asta-asta addımladı,mağar evinə çatanda dayandı.Aşıqlar çalırdı,oynayansa yox idi.Mağardakıları hürkək nəzərlərlə süzüb oyun meydançasına yaxınlaşdı.Əvvəl qolları yanına düşmüş halda,yorğun ayaqlarını sürüyə-sürüyə təəccüblə ona baxanlara nəzər yetirdi və əlini-qolunu yelləməklə yavaş-yavaş oynamağa başladı.Oynadı,özü də necə oynadı?Sanki dünya tarı- mar olmuş,işıqlı cahanda tək qalmış,əlləri hər yandan üzülmüş,ümidini itirmişdir.Gözləri böyüyüb hədəsindən çıxmışdı.Elə hey oynayırdı.Nə qədər oynamaq olar,İlahi?Aşıqlar yorulub əldən düşmüş,çalğı dayanmışdı.Əlləri,ayaqları,bütün bədəni heydən düşmüş qız dayanmaq bilmir,yad hərəkətlərlə hələ də oynayırdı...və qəflətən mağara necə girmişdisə,eləcə də oradan çıxdı,toy iştirakçılarının baxışları altında mağardan uzaqlaşdı,görünməz oldu.
Mağarın girişinə yaxın yerdə əyləşən dünyagörmüş,ağbirçək Nabat arvadın səsi bütün mağara yayıldı:- Heyif,... bu qızın başına hava gəldi,havalandı bu qız!
Həmin gün axşam tərəfi kəndə səs yayıldı ki,istəklisinin müharibədə ölüm xəbərindən sarsılan qız özünü dəhnəyə atıb,həyatına qəsd edib.
Kənd qəbirsanlığını ziyarətə gələnlər ilk növbədə girişə yaxın yerdə torpağa tapşırılanların qoşa qəbrinə baş çəkir,sinə daşı üzərinə gül-çiçək düzür,dualar oxuyur, ,,Allah rəhmət eləsin!" deyərək yollarına davam edirlər.