Ayaz Arabaçı : - Susarsan...

Ədəbiyyat 14:09 / 06.06.2023 Baxış sayı: 2311

Qurşunumda illər boyu ləngiyən,

Qızıl telli zəfər kimi susarsan.

Kəlbətin də dodağını açammaz,

Bir əbədi səfər kimi susarsan..

 

Xumar gözlü kirpidəndi yastığım,

Bir bayraqsan ürəyimdən asdığım,

Gecələrin çəhlimində azdığım,

İşıq dolu səhər kimi susarsan..

 

Eşqin çoxdan damarımda paslanıb,

Qara çadır ağ günümə yaslanıb,

Sözündəki barıt kimi islanıb,

Sinəmdəki qəhər kimi susarsan..

 

Mən taledən bir ömür də qarparam,

Dalğa-dalğa qaylara çarparam,

Min sən deyər dağıldıqca hər param,

Qanımdakı zəhər kimi susarsan..

 

Yüz dərd ola heç dönərmi üz haqdan,

Ağrı haqdan,yara haqdan,duz haqdan..

Bir gün görüb əhvalımı uzaqdan,

Beş milyonluq şəhər kimi susarsan..