Fərhad Tapdıqoğlu : - Qarışdı.

YAZARLAR 08:30 / 10.06.2025 Baxış sayı: 1539

 

                                                     (miniatür hekayə)

Abışın uşaq yaşlarında başı ayrı- ayrı oyuncaqlarla ,sonra həmyaşıdları ilə oynamağa qarışdı.Məktəbə gedəndə isə ancaq kitab oxumağa, dərclərinə qarışdı.Ali məktəbi oxuyub, bitirdi. Evləndi...işlədi... Əvvəllər başı ailəsinə ,oğluna çox qarışdı. Sonra isə başı ən çox işə qarışdı. Ona görə də evlərində söz- söhbət başladı...həyat yoldaşı ondan incidi, küsdü,övladını götürüb atası evinə getdi.O nə İllah elədisə,qayıtmadı həyat yoldaşı...

Abış çox darıxdı,beynində fikirlər dolaşdı ,qarışdı.Nə vaxtsa oxuduğu şeirdən bir beyt yadına düşdü:

" Könlüm yenə qarışdı ki?!

Eşqə hicran qarğışdı ki?!

Həsrət elə sərt qışdı ki,

Yandırar,buzu görünməz".

Abışın ata- anası işə qarışdı .Abışı danladılar... Gəlini geri qaytarmaq üçün fəaliyyətə keçdilər...

...Abış fikrini dağıtmaq üçün bulvar tərəfə yol aldı.Yolu keçərkən ,sürətlə gedən minik avtomobili az qala onu vuracaqdı.Sürücü əyləci basdı...Maşınla onun arasında qalan məsafə bir qarışdı...Şükürlər olsun salamat qurtardı...

Getdi,bulvarda camaata qarışdı...Müğənni oxuyurdu...sanki Abış özü oxuyurdu..:

" Axşam düşür,şər qarışdı( ır)

Sahil bağı aşıb,daşır.

Bütün küsənlər barışır,

Heç küsməyin yeridirmi yar?! "

...Göy guruldadı,hava qarışdı...Yağış yağdı,sel suya qarışdı...Abışın beynində qaranlıq aydınlığa qarışdı...Amma aydınlıq artırdı...Sonra yağışa görə bulvarda ara qarışdı,ora gələnlər qaçmağa başladılar...

... Abış taksiyə oturub ,evə tələsdi.Qapını açmaq istərkən ,içəridən anasının səsini eşitdi:

-Ay gəlin ,uşağın çayına mürəbbə tök,qarışdı(r)...

Xörəyə də bax,hərdən qarışdı(r)...

Abış cəld mənzilə daxil oldu,həyat yoldaşına salam verdi,sonra oğlunu bağrına basdı...

Gözəl süfrə açıldı..Abış ailəsinə daha çox vaxt ayıracağına söz verdi... Bu ailədə yenidən sevinc sevincə qarışdı...